ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Kompüter elmləri” ixtisası üzrə “Kritik texnoloji sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda yerinə yetirilən tədqiqatlara dair müzakirələr aparılıb.
Mövzuya dair çıxış edən institutun doktorantı Qurban Fərəcov dissertasiya işinin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər haqqında məlumat verib.
Q.Fərəcov bildirib ki, tədqiqat işinin məqsədi müxtəlif növ kritik texnoloji sistemlərin və onların ayrı-ayrı komponentlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün belə sistemlərə istiqamətlənmiş hücumların tədqiqi, bu hücumların səbəb ola biləcəyi mümkün ssenarilərin qarşısını almaq məqsədilə müdaxilələrin aşkarlanması üçün metod və alqoritmlərin işlənməsidir.
Kritik texnoloji sistemlərin Dördüncü Sənaye İnqilabının əsas texnoloji dayaqlarından biri olduğunu deyən tədqiqatçı ölkələrin bu sistemlərin təhlükəsizliyinin təmin olunmasını öz milli maraqlarının qorunması məsələsi hesab etdiklərini bildirib.
Məruzəçinin sözlərinə görə, kritik sistemlər müxtəlif kiber və fiziki komponentlərdən ibarətdir. Ayrı-ayrı komponentlərlə edilən ikitərəfli məlumat mübadiləsi zamanı müxtəlif kiberhücumlar bu komponentlərin işində problemlər yarada bilir. O, əlavə edib ki, kritik sistemlərin bir çox hallarda miqyaslanabilən olması onların təhlükəsizliyinin təmin edilməsinə xüsusi yanaşma tələb edir.
Tədqiqatçı dissertasiya işində kritik texnoloji sistemlərin kibetəhlükəsizliyi problemlərinin analizi, intellektual sayğaclarda toplanan verilənlərin məxfiliyinin qorunması üçün kriptoqrafik üsulların işlənməsi, yaşam müddətinin analizi nəzəriyyəsinin tətbiqi ilə kritik sistemlərin yaşam müddətinin analizi və imtinaların proqnozlaşdırılması üsulunun işlənməsi, o cümlədən ağıllı enerji infrastrukturlarında kibertəhlükələrin analizi və onların taksonomiyasının işlənməsi kimi məsələlərin həllinin qarşıya qoyulduğunu diqqətə çatdırıb.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev kritik texnoloji sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində tədqiqatların dərinləşdirilməsini, məqalələrin hazırlanaraq nüfuzlu jurnallara təqdim olunmasını tövsiyə edib. Akademik həmçinin texnoloji sistemlərin kritikliyini müəyyən edən xüsusiyyətlərin, o cümlədən bu sahədə beynəlxalq standartların dərindən araşdırılması ilə bağlı təkliflərini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.