Sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların mühafizəsinin təmin olunması məsələləri araşdırılır

03 Yanvar 2025 - 15:00 | Konfranslar, İclaslar
Sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların mühafizəsinin təmin olunması məsələləri araşdırılır

ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə “Sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların mühafizəsinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda tədqiqatlarla bağlı müzakirələr aparılıb.

İnstitutun doktorantı Araz Mustafa çıxış edərək dissertasiya işinin məqsədi, aktuallığı, qarşıya qoyulan məsələlər haqqında məlumat verib. Tədqiqatçı işin məqsədinin sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların mühafizəsi üçün intellektual metod və alqoritmlərin işlənilməsindən ibarət olduğunu söyləyib.

A.Mustafanın sözlərinə görə, fərdi məlumatların sızması, informasiyanın bütovlüyü prinsipinin pozulması səbəbindən fərdi məlumatların icazəsiz istifadəsi insanlarda maddi, mənəvi, sağlamlıq və psixoloji problemlərə gətirib çıxara bilər. Bu kimi hadisələrin qarşısının alınması üçün sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi məsələsi dissertasiya işinin aktuallığını şərtləndirir.

O, qeyd edib ki, sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların mühafizəsinin təmin olunması ilə bağlı beynəlxalq təcrübənin araşdırılması, fərdi məlumatların formalaşması, xarakteristikaları və tətbiq sahələri, bu məlumatların kibertəhlükəsizliyi məsələlərinin araşdırılması, analizi və sistemləşdirilməsi, sistemdə toplanan fərdi məlumatların qorunması texnologiyalarının analizi, eləcə də bu istiqamətdə metod və alqoritmlərin işlənməsi, dərin təlim və federativ təlim əsasında fərdi məlumatların mühfizəsi üçün metodların işlənməsi, həmçinin mobil şəbəkə istifadəçilərinin fərdi məlumatlarının təhlükəsizliyini təmin etmək məqsədilə metodun işlənməsi tədqiqat işində qarşıya qoyulmuş əsas məsələlərdir.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, sosial təyinatlı kiberfiziki sistemlərdə toplanmış fərdi məlumatların mühafizəsi istiqamətində tədqiqatların aparılmasının müasir dövrdə aktuallıq kəsb etdiyini vurğulayıb. Alim fərdi məlumatların informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində məqalənin hazırlanaraq nüfuzlu jurnallara təqdim olunmasının önəmini qeyd edib, tədqiqat işi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.