ETN İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanı keçirilib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev imtahan prosesi ilə tanış olub, gənc tədqiqatçılara imtahanda müvəffəqiyyətlər arzu edib. Bu gün cəmiyyətdə informasiya texnologiyaları üzrə peşəkar kadrlara böyük tələbatın yarandığını söyləyən alim gənc tədqiqatçıların fəlsəfə və elmlər doktoru kimi yüksəkixtisaslı kadrların yetişdirilməsinin, elmi fəaliyyətə cəlb edilməsinin, onlarla məqsədyönlü işin aparılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, İnformasiya Texnologiyaları İnstitutunun 18 dekabr 2024-cü il tarixli qərarına əsasən, institutda fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün imtahan komissiyası yaradılıb. Doktorluq imtahanının qəbul edilməsi üçün yaradılmış Komissiyanın sədri akademik Rasim Əliquliyev, komissiyanın sədr müavini, institutun icraçı direktoru, tex.f.d., dos. Rəşid Ələkbərov, üzvləri isə şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, baş elmi işçilər – tex.f.d., dos. Ramiz Şıxəliyev, tex.f.d., dos. Fərqanə Abdullayeva və tex.f.d., dos. Lyudmila Suxostatdır.
İmtahanda “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə 2 nəfər iddiaçı – institutun dissertantı Elşən Bağırov və doktorant Orxan Vəlixanlı iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.