Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları ilə beynəlxalq reytinqlərdə təmsilçilik məsələlərinə həsr olunmuş görüş keçirilib.
Görüşdə ADNSU-nun layihələr üzrə meneceri Elmar Quliyev, beynəlxalq layihələr üzrə meneceri Orxan Nəbiyev, Elm-Təhsil Analitik Mərkəzinin Daxili keyfiyyət təminatı sektorunun rəhbəri Rəşad Şixiyev, İnformasiya Texnologiyaları İnstitutunun gənc alim və tədqiqatçıları, eləcə də digər məsul şəxslər iştirak ediblər.
Tədbirdə ölkəmizin beynəlxalq reytinqlərdə təmsil olunmasının əhəmiyyəti, bu prosesin universitetlər üçün yaratdığı imkanlar və dəstəkləmə yollarına dair ətraflı müzakirələr aparılıb.
Görüşdə "Quacquarelli Symonds" (QS) dünya universitetlərinin reytinq siyahısı haqqında məlumat verilib. Bildirilib ki, təhsil və akademik reytinqlər üzrə ixtisaslaşmış şirkət olan “Quacquarelli Symonds” dünya universitetlərini müxtəlif meyarlar əsasında qiymətləndirərək illik “QS Dünya Universitetlərinin Reytinqi”ni nəşr etməsi ilə tanınır.
Görüşdə beynəlxalq reytinqlərdə aktiv iştirakın elmi nailiyyətlərin tanınmasında, akademik mübadilənin genişlənməsində və universitetlərarası əməkdaşlıq əlaqələrinin yüksəlməsində mühüm rol oynadığı vurğulanıb. Həmçinin, bu kimi görüşlərin keçirilməsinin gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə və elmi nailiyyətlərin inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.