Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatından 21 il ötür.
ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında bu barədə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda göstərdiyi əvəzsiz xidmətlər və onun siyasi fəaliyyəti haqqında danışıb. Azərbaycanın ən yeni tarixinin, qazandığı uğurların Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən AMEA-nın vitse-prezidenti, görkəmli siyasi xadimin dövlətimizə rəhbərlik etdiyi müddətdə Azərbaycanın milli dirçəliş və intibah dövrünü yaşadığını diqqətə çatdırıb. Həmçinin Ulu Öndərin ölkəmizin gələcəyi ilə bağlı atdığı strateji addımlardan, həyata keçirdiyi mühüm islahatlardan bəhs edib.
Ümummilli Liderin miras qoyduğu siyasi kursun hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən AMEA-nın vitse-prezidenti, Azərbaycanın bu gün dünya miqyasında böyük rəğbətə malik olan bir ölkə kimi tanındığını, beynəlxalq əlaqələrini gündən-günə inkişaf etdirdiyini vurğulayıb.
Akademik Rasim Əliquliyev qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin bugünkü inkişaf səviyyəsinə çatmasında, əbədi və əzəli torpaqlarımızın erməni işğalından azad olunmasında, o cümlədən dünyanın ən mötəbər tədbirlərindən olan COP29-a ev sahibliyi etməsi kimi əhəmiyyətli uğurlara imza atmasında Ulu Öndər Heydər Əliyevin və onun müəyyən etdiyi siyasi kursun əvəzsiz rolu olmuşdur.
Sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun əməkdaşları həmçinin Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Əməkdaşlar Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.