ETN İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının elmi seminarının iclası keçirilib.
İclasın sədri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova tədbiri giriş sözü ilə açaraq, seminarın institutun dissertantı Əfruz Qurbanovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunduğunu qeyd edib.
Ə.Qurbanova dissertasiya işini təqdim edərək, tədqiqatın məqsədinin beynəlxalq təcrübə və standartlar əsasında e-dövlət platformasında Azərbaycan dili ekosisteminin tərkib hissəsi kimi Milli terminoloji informasiya sisteminin (MTİS) sintezi üçün model, metod və alqoritmlərin işlənməsi olduğunu bildirib.
İddiaçı qeyd edib ki, İnternetin sürətlə inkişafı nəticəsində milli dil mühitinə daxil olan çoxdilli informasiya seli qarşısında dilin terminoloji təhlükəsizliyinin təmin olunması, İnternet və İKT-nin imkanlarından istifadə etməklə terminoloji fəaliyyətin səmərəliliyinin yüksəldilməsi, ölkədə terminoloji fəaliyyətin müvafiq beynəlxalq standartların və müasir İKT-nin tələblərinə müvafiq qurulması və s. mövzunun aktuallığını şərtləndirən amillərdir. Ə.Qurbanova e-dövlət çərçivəsində terminoloji lüğətlərin və digər mühüm materialların vahid reyestrinin formalaşdırılmasının, cəmiyyətin bütün təbəqələrinin termin yaradıcılığında aktiv iştirakının təmin edilməsinin zamanın tələbi olduğunu vurğulayıb.
Ə.Qurbanova dissertasiya işində qoyulmuş elmi-nəzəri və praktiki məsələlər, müdafiəyə çıxarılan əsas elmi müddəalar və tədqiqatın elmi-nəzəri və praktiki əhəmiyyətini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Ə.Qurbanova dissertasiya işində əldə olunmuş əsas nəticələri təqdim edib. Bildirib ki, tədqiqat çərçivəsində terminoloji informatikanın elmi-texnoloji problemləri analiz olunmuş, əsas inkişaf istiqamətləri müəyyən olunmuş və bu istiqamətlərdə elmi araşdırmaların aparılmasının vacibliyi əsaslandırılmışdır. Eyni zamanda Milli Terminoloji İnformasiya Sisteminin konseptual modeli və arxitektur-texnoloji prinsipləri işlənmiş, funksional alt sistemləri təhlil edilmiş, imkan və perspektivləri müəyyənləşdirilmişdir.
Məruzəçinin sözlərinə görə, MTİS-in qiymətləndirilməsi üçün OLAP texnologiyalarına əsaslanan qərarların qəbulunu dəstəkləyən sistem və polikubik OLAP-model, MTİS çərçivəsində termin yaradıcılığı proseslərinin avtomatlaşdırılması üçün statistik analizə əsaslanan metod, eləcə də bu sistem çərçivəsində dinamik proseslərin modelləşdirilməsi üçün populyasiya artım modelinə əsaslanan metod işlənmişdir.
O, həmçinin terminoloji dinamiki proseslərin intellektual analizi üçün k-means klasterləşmə alqoritmi və Naive Bayes təsnifatlandırma modelinə əsaslanan metodun işlənildiyini diqqətə çatdırıb. Bildirib ki, dissertasiya işi çərçivəsində MTİS əsasında fərdlərin nitqlərinin populyarlıq səviyyəsinin qiymətləndirilməsi üçün statistik tezlik modelinə əsaslanan metod işlənmişdir.
Ə. Qurbanova dissertasiya işinə dair 4-ü beynəlxalq jurnallarda (1-i “Scopus”, 1-i RSCI) olmaqla, ümumilikdə 13 məqalənin, o cümlədən beynəlxalq konfranslarda (2-si “Web of Science”, “Scopus”) 7 konfrans materialının nəşr olunduğunu diqqətə çatdırıb.
Məruzədən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika elmləri doktoru, dosent Fəhrad Paşayev və texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova çıxış edərək dissertasiya işinin əhəmiyyətini önə çəkiblər. Dissertasiya işində təklif edilən riyazi modellər, metod və alqoritmlərin iddiaçının müasir elmi tədqiqat vasitələrinə yiyələnmiş tədqiqatçılıq bacarığını təsdiqlədiyini qeyd ediblər. Rəyçilər işdə əldə olunan elmi yeniliklərin tamamilə orijinal olduğunu, nəzəri və praktiki cəhətdən böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər, kompleks məsələlərin uğurla həll edildiyini vurğulayıblar. İddiaçının “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu söyləyiblər, eləcə də irad və tövsiyələrini nəzərə çatdırıblar.
Sonra iddiaçı ona ünvanlanan sualları cavablandırıb.
Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, texnika elmləri doktoru, dosent Asif Rzayev, texnika elmləri doktoru Qəmbər Quluyev, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova iddiaçının yerinə yetirdiyi dissertasiya işinin tamamlanmış iş olduğunu bildiriblər, irad və tövsiyələr nəzərə alınmaqla elmi-tədqiqat işinin müdafiəyə təqdim olunmasını tövsiyə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.