Jest informatikasının problemləri və perspektivləri ilə bağlı tədqiqatlar institutun diqqət mərkəzindədir

18 Dekabr 2024 - 11:55 | Konfranslar, İclaslar
Jest informatikasının problemləri və perspektivləri ilə bağlı tədqiqatlar institutun diqqət mərkəzindədir

ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Jest informatikası - istiqamətləri, hədəfləri, problemləri, perspektivləri” mövzusunda məruzə dinlənilib. Məruzəni təqdim edən institutun baş mütəxəssisi Kəmalə Qurbanova jest dilinin işarələr sistemi, statik və dinamik jestlər, jestlərin qeyd edilməsi texnologiyaları və metodları, onların tanınma mərhələləri və s. haqqında ətraflı məlumat verib.

O, informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafının cəmiyyətin bütün sahələrində informasiyanın rolunu artırdığını, informasiya cəmiyyətini formalaşdırdığını, eləcə də süni intellektə əsaslanan texnologiyaların təmassız idarə olunması prosesinin jestlərin tanınması sistemləri ilə həyata keçirildiyini diqqətə çatdırıb.

Jest dilinin tətbiq sahələrinə kommunikasiya, robototexnika, idman, təhsil, psixologiya, hüquq və s. daxil olduğunu söyləyən K.Qurbanova jestlərin qeyd edilməsi texnologiyaları haqqında məlumat verib. Onun sözlərinə görə, insan-maşın qarşılıqlı əlaqəsində  kommunikasiya  sisteminin əsas parametri informasiyanın ötürülməsi və qəbul edilməsidir. Jest  dilinin tanınması bu dil ilə ifadə olunan hər hansı informasiyanın şifahi dilə və əksinə çevrilməsi prosesidir. Vurğulayıb ki, burada jest dilinin və şifahi dilin bütün komponentlərini özündə cəmləşdirən məlumat bazasının və jest dilini şifahi dilə və əksinə çevirən modelləşmiş mexanizmin mövcudluğu əsas şərtdir

Məruzəçi qeyd edib ki, Jest – gözün ifadəsi, üzün mimikası, baş, əl və bədən hərəkətlərinin məcmusudur. Jestlər fiziki şəxslər arasında məlumat mübadiləsidir, ünsiyyət quran fiziki şəxslərin emosional siqnallarının təbii vasitələrlə ötürülməsidir. Yəni, insanın əlinin, barmaqlarının, başının, çiyninin və mimikasının köməyi ilə fikrini və hisslərini ifadə edə bilməsidir. Jestləri iki qrupa ayırırlar: statik və dinamik jestlər. Statik jestlər əlin fəzada hərəkətsiz, tərpənməz, sabit vəziyyətidir. Dinamik jestlər isə konkret zaman kəsiyində əlin fəzadakı ardıcıl hərəkətidir.

 Eşitmə və nitq məhdudiyyətli insanlar jestlərdən informasiyanın ötürülməsində əsas vasitə kimi, şifahi nitqlə danışan insanlar isə təəssüratın, fikrin, əhval-ruhiyyənin xüsusi formada və ya daha mənalı, obrazlı şəkildə çatdırılması üçün nitqə köməkçi vasitə kimi istifadə edirlər

Eşitmə və nitq məhdudiyyətli  insanlar ünsiyyət prosesində informasiyanın ötürülməsini semiotik anlayışların və daktilemlərin köməyi ilə həyata keçirirlər. Semiotik anlayışlar dedikdə isə, nitqin istənilən elementinin mənasını təmsil edən jestlər başa düşülür. Bu halda bir jest sözü və ya bütövlükdə cümləni ifadə edir. Jestlərin məcmusu jest dilini əmələ gətirir. Jest dlinin elementlərinin çoxluğu işarələr sistemini yaradır. Jest dilinin işarələr sistemi iki altsistemə bölünür: eşitmə və nitq məhdudiyyətli  insanların ünsiyyət vasitəsi kimi istifadə etdiyi jestlər; şifahi nitq zamanı istifadə edilən sözləri ardıcıllıqla müşayiət edən jestlər. Hər iki halda işarələr sistemi informasiyanın jestlərlə ötürülməsi və qəbul edilməsi əsasında qurulur.

Daktil əlifba haqqında da məlumat verən məruzəçi qeyd edib ki, daktil əlifba əlin müxtəlif vəziyyəti ilə hərflərin canlandırılmasıdır. Əlifbanın ayrı-ayrı hərfləri daktilem adlanır. Daktilemlər əsasən bir əlin barmaqları ilə göstərilir. Başqa sözlə, daktil əlifba dedikdə, əllərin müxtəlif vəziyyəti ilə hərflərin vizual canlandırılması başa düşülür. Bu zaman əllər adi əlifbada olan hərflərin, qismən də olsa, obrazını yaradır. Ənənəvi əlifbada hər hərfin böyük və kiçik olmaqla iki cür (məsələn: “A” və “a”) orfoqrafik yazılış forması olur. Daktil əlfbada isə baş hərflər olmadığından hər hərfin təsviri bir formada olur.

Kompüter texnologiyaları sahəsindəki yeniliklər, multimedia vasitələri və əlverişli, yüksəkkeyfiyyətli video kameralar eşitmə və nitq məhdudiyyətli insanların informasiya mübadiləsini reallaşdıran jestlərin tanınması probleminin həllində başlıca rol oynayır. Jest dilinin avtomatik tərcüməsi məsələsinə əlin hərəkətinin izlənməsi, göstərilən jestlərin ardıcıl tanınması və onların mətn formasında yığılması daxildir. Jestlərin tanınması probleminin həlli müxtəlif riyazi metodların, alqoritmlərin və kompüter sistemlərinin vasitəsi ilə reallaşır.

Jestlərin avtomatik tanınması dedikdə, jestləri tanıyaraq mətnə, səsə və ya əksinə çevirən aparat və proqram təminatı başa düşülür. Real zaman anında əl ilə göstərilən jestlərin tanınması prosesi 4 mərhələdə ardıcıllıqla icra olunur: informasiyanın xüsusi texnologiyalarla toplanması;  təsvirdən əl şəklinin tapılaraq seqmentləşdirilməsi;  seqmentləşdirilimiş hissənin emalı və əsas xüsusiyyətlərin aşkar edilməsi; nəticənin əldə olunması.

Əl ilə göstərilən jestlərin tanınması müxtəlif tanınma metodlarının köməyi ilə qurulur. Sistemin əsasında  veb-kameralar və ya digər qurğularla əldə olunmuş xam mallardan jesti göstərən əlin təsvirinin əsas göstəricilərinin çıxarılması durur. Xam kadrlar USB vasitəsilə video axını emal edən proqram moduluna köçürülür. Emal prosesində əl təsviri seqment şəklində seçilir, başqa sözlə tanınma prosesini davam etdirmək üçün obyekt təyin olunur. Obyekt aşkar edildikdən  sonra jesti təsnif etmək üçün seqmentləşmiş hissənin xüsusiyyətləri axtarılır. Xüsusiyyətlər toplusu obyekti müəyyən etmək üçün kifayət etməlidir. Metodların vasitəsilə əl obyektinin verilənləri  emal olunur və xüsusiyyət vektorları çıxarılır. Bütün xüsusiyyət vektorları klassifikatorların təlimi üçün istifadə edilir və nəticədə jestin parametrləri müəyyən olunur.

Məruzədə jestlərin identifikasiyası üçün Gizli Markov Modeli, Süni Neyron Şəbəkələri, Rəng Seqmentasiyası, Viola-Cons və s. metodlarının iş prinsipi müqayisəli analiz edilir, üstünlükləri və çatışmazlıqları qeyd edilir. Jesti göstərən əli video kadrda lokallaşdırmağa imkan verən Rəng Seqmentasiyası və Viola-Cons alqoritmlərinin həm ayrı-ayrılıqda, həm də hibrid şəkildə işləməsinə imkan verən proqram təminatının nəticələri şərh olunur. Alqoritmlərin hibrid üsulla işləyən variantında xətanın faizinin kəskin şəkildə azaldığı göstərilir

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək məruzə ilə bağlı təklif və tövsiyələrini səsləndirib, jest informatikasının müasir vəziyyətinə dair tədqiqatların dərinləşdirilməsinin, dünya təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.