Rəqəmsal marketinqin yaşıl marketinqə təsiri məsələləri araşdırılır

09 Dekabr 2024 - 12:07 | Konfranslar, İclaslar
Rəqəmsal marketinqin yaşıl marketinqə təsiri məsələləri araşdırılır

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminar “Rəqəmsal marketinqin yaşıl marketinqə təsiri, müasir vəziyyət və problemlər” mövzusunun müzakirəsinə həsr olunub.

Mövzu üzrə çıxış edən institutun baş mütəxəssisi Kəmalə Həşimova öncə rəqəmsal marketinq haqqında məlumat verərək onun fəaliyyətinin rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirildiyini nəzərə çatdırıb. Bildirib ki, rəqəmsal marketinq istənilən uğurlu biznes strategiyasının vacib komponenti olub bir sıra üstünlüklərə malikdir. Bunlara geniş hədəf auditoriyası, yeni məhsul haqqında məlumatın tez çatdırılması, sifarişlə çatdırılma imkanı, böyük brendlərlə rəqabət, avadanlığın asanlıqla idarə edilməsi və s. daxildir.

Sonra məruzəçi qeyd edib ki, yaşıl marketinq ekoloji problemləri nəzərə alan rəqəmsal marketinq üçün davamlı bir yanaşmadır. Bu yanaşma məhsul və xidmətin dizaynından tutmuş istehsal proseslərinə qədər ekoloji cəhətdən təmiz təcrübələri, eləcə də marketinq və paylama strategiyalarını əhatə edir. Onun sözlərinə görə, yaşıl marketinqin xüsusiyyətləri onun strategiyalarının davamlı olmasından, məhsulun paylanması prosesində təbiiliyə əməl edilməsindən, istehlakçıların ekoloji maarifləndirmə haqqında məlumatlandırılmasından və s. ibarətdir.

Yaşıl marketinqin mövcud problemlərindən də söz açan K.Həşimova ekoloji cəhətdən təmiz təcrübələrin həyata keçirilməsi üçün yüksək xərclərin tələb olunması, vahid standartların olmaması, mənfəət və davamlılıq arasında ziddiyyət, yaşıl məhsulların qavranılması ilə bağlı problemləri diqqətə çatdırıb. “Su qıtlığı, elektrik israfı və çirklənmə səviyyəsinin artması səbəbindən yaranan problemlər, yaşıl marketinq təcrübələri nəzərə alınmaqla öz həllini tapmalıdır”, - deyən K. Həşimova bildirib ki, bu problemləri süni intellektin köməyi ilə aradan qaldırmaq mümkündür.

O, həmçinin  gələcək üçün daha effektiv yaşıl marketinq mərhələləri haqqında məlumat verib. Qeyd edib ki, yaxın gələcəkdə istehsalçılar ətraf mühiti çirkləndirməyən, eləcə də onu qoruyan və mövcud ziyanı aradan qaldırmağa kömək edən ekoloji cəhətdən təmiz məhsullar təklif etməlidirlər. 

Hazırda bütün dünyada informasiya-kommunikasiya texnologiyalarına əsaslanan yaşıl marketinq strategiyalarının qəbul edildiyini deyən məruzəçi istehlakçıların ekoloji problemlərə dair məlumatlılığının artdığını, müəssisələrin isə ətraf mühitə təsirləri minimuma endirmək üçün məhsullarını və istehsal üsullarını süni intellektə əsaslanaraq yenidən işlədiklərini bildirib. Əlavə edib ki, bu gün dünyada ətraf mühitin qorunması üçün addımlar atılır, təkrar emal edilə bilən və uyğun materiallardan istifadə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.