SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH tələbə-məzun forumu və karyera sərgisinin açılış mərasimi keçirilib.
Sərginin keçirilməsində əsas məqsəd "SABAH qrupları" layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.
İki gün davam edəcək forumun rəsmi açılış mərasimində SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı olub.
Sonra "SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi" adlı panel sessiyası keçirilib. Paneldə İqtisad Universitetinin rektoru Ədalət Muradov, Elm Və Təhsil Nazirinin Müşaviri Nicat Məmmədli, Milli Məclisin deputatı Şahin Seyidzadə və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxış edərək SABAH məzunlarının elm-təhsilin inkişafına töhfələrindən danışıblar, SABAH qruplarının təkmilləşdirilməsi üçün perspektivdə nəzərdə tutulan işlərdən danışıblar.
Forumun ikinci günündə “Liderlikdə vizyon və strategiya: uğurun açarı“ panel sessiyasında müzakirələr aparılacaq.
Həmçinin forumun davamında SABAH karyera sərgisi, SABAH məzunlarının “TEDx” formatında çıxışları, intellektual yarışların təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin formalaşdırılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.