İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemlərinə dair araşdırmalar aparılıb

02 Dekabr 2024 - 12:10 | Konfranslar, İclaslar
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemlərinə dair araşdırmalar aparılıb

 

ETN İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələri üzrə illik hesabat iclaslarına başlanılıb. İclaslarda cari ildə hər bir şöbədə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumatlar verilir. Əsas məqsəd şöbələrin illik fəaliyyətinin və institut əməkdaşlarının əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsi, struktur bölmələrdə yerinə yetirilən elmi və innovativ işlərin monitorinqinin aparılması, o cümlədən qarşıda duran vəzifə və prioritetlərin müəyyənləşdirilməsidir.

İnstitutun Elmi şurasının hesabatlara həsr olunmuş ilk iclasında Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2024-cü il üzrə fəaliyyəti müzakirə olunub. Hesabatı təqdim edən Mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova il ərzində elmi-tədqiqat fəaliyyəti çərçivəsində görülmüş işlərdən bəhs edib. Müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemlərinə dair araşdırmaların aparıldğını söyləyib. Bildirib ki, bu problem üzrə IV sənaye inqilabı platformasında informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi problemləri tədqiq olunmuşdur.  

O, Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə jest informatikasının istiqamətləri, hədəfləri, texnologiyaları, elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması ilə bağlı tədqiqatların aparıldığını qeyd edib.

R.Mahmudovanın sözlərinə görə, il ərzində Mərkəzin əməkdaşları tərəfindən rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə Azərbaycan Respublikasında “Elmi kadrlar” informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi, Azərbaycanda Big Data yönümlü müxtəlif xarakterli və təyinatlı informasiya resurslarının təhlili,  onların kommersiyalaşdırılması potensialının tədqiqi və qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılmışdır.

Sonra o, 2024-cü il ərzində respublika səviyyəli, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda nəşr olunan məqalələr haqqında məlumat verib. Həmçinin cari ildə institutun baş mütəxəssisi Rafiq İsmayılov tərəfindən “Python proqramlaşdırma dili”ndən tədris proqramının hazırlandığını qeyd edib.   

Elmi-pedaqoji fəaliyyət və kadr  hazırlığı istiqamətində həyata keçirilən tədbirlərdən danışan R.Mahmudova Bakı Biznes Universitetinin tələbələri üçün təşkil olunan dərslər barədə məlumat verib. Eyni zamanda Azərbaycan Texniki Universitetinin magistrlərinin dissertasiya işlərinə elmi rəhbərliyin həyata keçirildiyini, müxtəlif proqramlar üzrə fərdi kursların təşkil olunduğunu diqqətə çatdırıb.

TİM-in rəhbəri şöbə əməkdaşlarının elmi-innovasiya, elmi-təşkilati, elmi ekspertiza, fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər tədbirlərdə iştirakı barədə məlumatları da iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Mərkəzin illik hesabatına dair fikirlərini bölüşüb. Alim cəmiyyətin təhlükəsizlik komponentinin tərkib hissəsi olan kibertəhlükəsizlik mədəniyyəti problemləri, elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması, eləcə də IV Sənaye İnqilabının texnologiyaları əsasında intellektual elektron dərsliklərin hazırlanması ilə bağlı tədqiqatların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.