Kiber-fiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi üçün metodlar işlənilir

22 Noyabr 2024 - 10:39 | Konfranslar, İclaslar
Kiber-fiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi üçün metodlar işlənilir

AR ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev elmi seminarın institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə alınmış elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Sonra L.Suxostat “Kiber-fiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edib. Məruzəçi qeyd edib ki, tədqiqat işinin məqsədi böyük verilənlərin analizi, kiberhücumların və sistem nasazlıqlarının aşkarlanması ilə əməliyyat texnologiyalarının təhlükəsizliyini və informasiya texnologiyalarının kibertəhlükəsizliyini artıran kiber-fiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənilməsidir.

L.Suxostat tədqiqat işi çərçivəsində Web of Science-də 10, Scopus bazasında 4 məqalə olmaqla ümumilikdə 16 məqalənin, o cümlədən 16 konfrans materialının çap olunduğunu diqqətə çatdırıb. Məruzəçi dissertasiya işinin aktuallığı barədə məlumat verib. Bildirib ki, AR Prezidentinin 2023-cü il 28 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”da və digər rəsmi sənədlərdə müxtəlif sahələrin kritik infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi məsələsinin öz əksini tapması, o cümlədən kiber-fiziki sistemlərin insan fəaliyyətinin müxtəlif sahələrində geniş istifadə olunması, bu sistemlərin informasiya və əməliyyat texnologiyalarının inteqrasiyası, kiber-fiziki sistemlərin strukturunun mürəkkəbliyi və s. tədqiqat işinin aktuallığını şərtləndirən əsas amillərdən olmuşdur.

L.Suxostat dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını qeyd edib: “Dissertasiya işi çərçivəsində kiber-fiziki sistemlərinin informasiya təhlükəsizliyinin və kiberdayanıqlılığının müasir vəziyyətinin analizi və problemləri müəyyənləşdirilmişdir. Sistemin informasiya təhlükəsizliyi və kiberdayanıqlılığı təmin etmək üçün konseptual model təklif edilmişdir”.

Daha sonra məruzəçi tədqiqat işində müdafiəyə çıxarılan əsas müddəaları təqdim edib. L.Suxostat kiberfiziki sistemlərdə böyük verilənlərin intellektual analizi üçün işlənilmiş metodlar və alqoritmlər barədə məlumat verib, eksperimentlər əsasında əldə olunmuş nəticələri diqqətə çatdırıb.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.

Daha sonra akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işi çərçivəsində əldə olunmuş nəticələrə münasibət bildirib. Akademik Rasim Əliquliyev son dövrlər ölkəmizdə kiber-fiziki sistemlərin informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərinin aktuallıq kəsb etdiyini bildirərək, dövlətimiz tərəfindən kibertəhlükəsizlik problemlərinə xüsusi önəm verildiyini və bununla bağlı çoxsaylı sərəncam və qərarların imzalandığını diqqətə çatdırıb. Bu istiqamətdə İnformasiya Texnologiyaları İnstitutu qarşısında da müvafiq vəzifələrin qoyulduğunu deyən institutun baş direktoru tədqiqat işi çərçivəsində alınmış nəticələrin qeyd olunan istiqamətdə institutda görülən işlərin tərkib hissəsi olduğunu vurğulayıb. Akademik kiber-fiziki sistemlərin kritikliyini nəzərə alaraq, bu sistemlərin təhlükəsizliyi və kiber-dayanıqlığı problemlərinin həlli baxımından dissertasiya işinin əhəmiyyətini qeyd edib, tədqiqatların davam etdirilməsi ilə bağlı tövsiyələrini səsləndirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.