E-demoqrafiya platformasında fərdlərin çoxparametrli klasterləşdirilməsi ilə bağlı tədqiqatlar aparılır

18 Noyabr 2024 - 17:00 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda elektron demoqrafiya platformasında fərdlərin müxtəlif xüsusiyyətlər əsasında çoxparametrli klasterləşdirilməsi üçün səmərəli metod və alqoritmlərin işlənilməsi ilə bağlı tədqiqatlar aparılır. Tədqiqat fərdlərin sosial, iqtisadi və demoqrafik məlumatlarının daha dəqiq qruplaşdırılmasına və analiz edilməsinə imkan verəcək alqoritmlər üzərində fokuslanır. Bu metodlar, idarəetmə, səhiyyə və iqtisadi planlaşdırma kimi sahələrdə qərar qəbuletmə prosesini daha optimallaşdırılmış və əsaslandırılmış formada həyata keçirməyə yönəlib.

İnstitutda keçirilən növbəti elmi seminarda “E-demoqrafiya platformasında fərdlərin çoxparametrli klasterləşdirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda aparılan araşdırımaların nəticələri müzakirə olunub. İnstitutun doktorantı Elvin Qurbanov mövzuya dair çıxış edərək əvvəlcə rəqəmsal dövlət haqqında məlumat verib. Onun müasir dövrdə dövlətin fəaliyyətlərinin və xidmətlərinin rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilməsini ifadə edən bir konsept olduğunu söyləyib. Bildirib ki, bu yanaşma, dövlətin vətəndaşlara xidmətlərini daha effektiv, şəffaf və əlçatan etməyə yönəlmişdir.

“Rəqəmsal transformasiya rəqəmsal texnologiyaların istifadə olunması ilə biznes, dövlət və digər təşkilatların fəaliyyətləri, prosesləri və strategiyalarının köklü şəkildə dəyişdirilməsi prosesidir”, – deyən tədqiqatçı, rəqəmsal transformasiyanın dövlət qurumlarında dövlət xidmətlərinin genişləndirilməsində və e-iştirakın gücləndirilməsində mühüm rol oynadığını bildirib.

Məruzəçinin sözlərinə görə, hökumətlər getdikcə bulud hesablamaları və süni intellekt əsasında verilənlərin idarə olunması kimi innovativ həllərə diqqət yetirirlər. Bu texnologiyalar sistemin funksionallığını və istifadəçi təcrübəsini təkmilləşdirmək üçün vacibdir.

Vətəndaşyönümlü xidmətlər haqqında məlumat verən E.Qurbanov bildirib ki, hökumətlər getdikcə bulud hesablamaları və süni intellekt əsasında verilənlərin idarə olunması kimi innovativ həllərə diqqət yetirirlər. Bu texnologiyalar sistemin funksionallığını və istifadəçi təcrübəsini təkmilləşdirmək üçün vacibdir.

O, bildirib ki, e-dövlət sahəsində əldə olunan nailiyyətlərə baxmayaraq, rəqəmsal fərq hələ də mövcuddur və inkişaf etməkdə olan ölkələrdə daha da dərinləşə bilər. Bu səbəbdən, hökumətlər uzunmüddətli milli rəqəmsal transformasiya planları hazırlamalıdırlar.

Tədqiqatçı demoqrafiya sahəsində ilkin məlumatların əldə edilməsi mənbələri haqqında da məlumat verib. Diqqətə çatdırıb ki, buraya əhalinin siyahıyaalınması, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, miqrasiya məlumatları, ev təsərrüfatı sorğuları, sosial media və rəqəmsal mənbələr aiddir.

O, həmçinin elektron demoqrafiya ilə ənənəvi demoqrafiya arasındakı fərqlər, elektron demoqrafiyanın əsas üstünlükləri, demoqrafik modellər haqqında məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonra tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.

Seminarda həmçinin 1 saylı şöbənin əməkdaşları, doktorant və dissertantlarının 2024-cü ildə elmi fəaliyyət çərçivəsində görülmüş işlərlə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.