Molekulyar robotların ilk nanoaddımları

29 Dekabr 2014 - 12:41 | Texnoloji yeniliklər
Molekulyar robotların ilk nanoaddımları

Oksford Universitetindən olan kimyaçıların hazırladığı "addımlayan" molekul, uzunluğu cəmi bir nanometr təşkil edən ilk addımlarını atıb. Molekul çox kiçik olduğuna görə, ona hətta ən güclü mikroskopda belə baxmaq mümkün deyil.

dailytechinfo.org saytının məlumatında bildirilir ki, nanorobot molekulunun kiçik addımlar seriyasının real zaman rejimində qeydiyyatdan keçirilməsi müasir elm tarixində ilk hadisədir.

Bu, dərman preparatlarının çatdırılmasını həyata keçirmək, qorxulu şiş hüceyrələri ilə mübarizə aparmaq, "silahsız” və “zəif silahlanmış" gözün qəbul edə bilmədiyi bir çox başqa işləri mikroskopik səviyyədə yerinə yetirmək imkanına malik olan əsl nanorobotların hazırlanmasında olduqca əhəmiyyətli mərhələdir.

"Təsəvvür edin ki, belə kiçik molekulyar maşınlar gələcəkdə, hətta canlı hüceyrələrin daxilində işləyə biləcəklər" - deyə bildirən  Oksford Universitetinin kimya fakültəsinin doktoru Qoks Su Pulku qeyd edib ki, əsas məqsəd universal nanonəqliyyat şəbəkəsinin hazırlanmasıdır.

Alimin sözlərinə görə, molekulyar nanorobotlar nəqliyyat şəbəkələrində "qaça" bilməzdən əvvəl, onlara "gəzməyi" öyrətmək lazımdır. Bu isə heç də asan məsələ deyil: "Müəyyən vaxt ərzində artıq dezoksiribonuklein turşusu (DNT) molekulundan hazırlanmış nanomaşınlar və "addımlayan" nanorobotlar yaradılıb. Təəssüf ki, belə DNT-sistemlər bizim molekulyar "piyadalar"ımızdan daha böyük ölçülərə malikdir və onlar yalnız suda işləyirlər".

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.