Akademik Rasim Əliquliyev Mədəniyyət kanalının “Səhərçağı” verilişinin qonağı olub

14 Noyabr 2024 - 12:58 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev Mədəniyyət kanalının “Səhərçağı” verilişinin qonağı olub

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AzTV-nin Mədəniyyət kanalının “Səhərçağı” verilişinin qonağı olub.

Akademik hazırda dünyada yaşıl cəmiyyətin formalaşması istiqamətində mühüm işlərin görüldüyünü bildirərək, dünyanın ən mötəbər tədbirlərindən biri olan və bu il ölkəmizdə keçirilən COP29-un əsas hədəflərinin qlobal iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə ictimaiyyətin diqqətinin cəlb edilməsi, müxtəlif ölkələrin bu prosesə dəstək verməyə təşviq olunması və bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.

Akademik R.Əliquliyev bu problemlərin həlli ilə bağlı alim və mütəxəssislərin qarşısında da mühüm vəzifələrin dayandığını deyib, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə AMEA-nın, eləcə də Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən institut və təşkilatlar tərəfindən müxtəlif elmi baxışların, yanaşmaların ortaya qoyulduğunu vurğulayıb.

Sonra alim bu günlərdə İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Texniki Universiteti, Milli Aerokosmik Agentliyi və Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konfransı haqqında məlumat verib, tədbirin əhəmiyyətini qeyd edib. Həmçinin institutda yaşıl iqtisadiyyatın formalaşması, yaşıl rəqəmsal texnologiyaların müxtəlif aspektləri istiqamətində aparılan tədqiqatların cəmiyyətin yaşıllaşdırılması, ekoloji problemlərin həllinə verdiyi mühüm töhfələrdən bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.