ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi Nərmin Adıgözəlova, institutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və institutun doktorantı Orxan Vəlixanlı “Mədəniyyət” kanalının “Sosial dilemma” proqramında “Elektron tullantılar və utilizasiya” mövzusunda çıxış ediblər.
Həyatımızın ayrılmaz hissəsi olan kompüterlər, smartfon və digər qurğuların elektron tullantılara çevrilməsi, eləcə də onların utilizasiya məsələlərindən danışan N.Adıgözəlova tərkibində mis, qurğuşun, civə və digər kimyəvi maddələrin olduğu elektron tullantılan insan sağlamlığına ciddi ziyan verməklə yanaşı, ətraf mühitin çirklənməsinə də səbəb olduğunu söyləyib.
B.Nəbiyev çıxışı zamanı qlobal iqlim dəyişiklikləri və yaşıl dünyanın formalaşdırılması məsələlərinin elektron tullantı problemini daha da aktuallaşdırdığını söyləyib. Mütəxəssis kompüterlər, telefonlar və digər elektron avadanlıqların elektron tullantıların əsasını təşkil etdiyini bildirib. O, Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin olunması istiqamətində həyata kieçirilən tədbirlərdən, eyni zamanda elektron tullantı problemlərinin kibertəhlükəsizlik aspektlərindən söz açıb.
O.Vəlixanlı isə öz çıxışında bildirib ki, müasir dövrdə insanların elektron cihazları tez-tez dəyişməsi elektron tullantıların ən sürətlə artan tullantı növünə çevrilməsinə səbəb olmuşdur: “Hər il dünyada milyonlarla ton elektron tullantı yaranır. Təkcə 2023-cü ildə dünyada elektron tullantıların çəkisi 53 milyon tondan artıq olmuşdur”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.