İnnovativ elm və təhsil mühitində e-demoqrafiya sisteminin qurulması problemlərinə həsr olunmuş məqalə “Springer” nəşriyyatında çap olunub

14 Noyabr 2024 - 10:00 | Mühüm hadisələr
İnnovativ elm və təhsil mühitində e-demoqrafiya sisteminin qurulması problemlərinə həsr olunmuş məqalə “Springer” nəşriyyatında çap olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Təhmasib FətəliyevNərgiz Verdiyevanın həmmüəllifi olduqları məruzə Ukraynada keçirilən “Information technologies for education, science and technics” VII beynəlxalq elmi və praktiki konfransında dinlənilib.

“İnnovativ elm və təhsil mühitində elektron demoqrafiya sisteminin qurulması problemlərinin tədqiqi” (Research of the Problems of Building an E-Demography System in the Innovative Environment of Science and Education) adlı məruzəni N.Verdiyeva təqdim edib. Bildirib ki, tədqiqat işində innovativ elm və təhsil mühitinin resurslarına əsaslanan e-demoqrafiya sisteminin qurulması məsələləri analiz edilib, bu sahədə beynəlxalq təcrübə və elektron demoqrafiya sisteminin inkişafına dair yanaşmalar təhlil olunub. Həmçinin bu kimi bir sistemin qurulması üçün arxitektur prinsipləri təsvir edilib.

Tədqiqatçının sözlərinə görə, elm və təhsil mühitində mövcud e-resursların demoqrafik məlumatlarla inteqrasiyasına əsaslanan bu sistem “Milli elektron demoqrafiya sistemi”nin alt sistemi kimi qəbul edilib. Belə bir sistemin inkişafı sosial-demoqrafik tədqiqatların aparılması, demoqrafik davranışın öyrənilməsi, elm və təhsilin inteqrasiyası və inkişafı üçün geniş imkanlar yaradacaqdır.

Qeyd edək ki, məqalənin tam versiyası “Scopus” bazasında indeksləşən “Springer” nəşriyyatında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.