AR ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə alınan elmi-nəzəri nəticələr müzakirə olunub.
Məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva tədqiqat işində buludların federallaşması üçün dinamik inam modellərinin qurulması üsullarının araşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə bulud provayderinin nüfuzunun qiymətləndirilməsi üçün qeyri-səlis kollaborativ reputasiya modeli, bulud sistemlərində risklərin qiymətləndirilməsi üsulu, eləcə də reputasiya və risk qiymətlərinin aqreqasiyası əsasında bulud sistemlərinə inamın qiymətləndirilməsi üçün robast modeli işlənmişdir.
Sonra F.Abdullayeva dissertasiya işi çərçivəsində bulud sistemlərində yük balanslaşdırılması üçün planlaşdırma modellərinin işləndiyini də qeyd edib. Onun sözlərinə görə, böyük həcmli zaman sırası verilənlərində imtinaların bulud əsaslı proqnozlaşdırılması üçün dərin təlim üsulları, eləcə də bulud serverlərində imtinaların proqnozlaşdırılması üçün maşın təlimi üsulu araşdırılmışdır. Bulud infrastrukturunda virtual maşınların iş yükünün proqnozlaşdırılması üçün dərin təlim və yük balanslaşdırılması üçün çoxkriteriyalı optimallaşdırma üsulu da işlənmişdir.
Daha sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək mövzu üzrə təklif və tövsiyələrini səsləndirib, buludların federallaşması üçün dinamik inam modellərinin qurulması üsullarının araşdırılmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.