AMEA-nın Tarix və Etnologiya İnstitutunda AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev ilə görüş keçirildi. Tədbirdə Tarix və Etnologiya İnstitutunun Elmi şurasının üzvləri, İnformasiya Texnologiyaları İnstitutunun məsul əməkdaşları və digər aidiyyəti şəxslər iştirak edirdilər.
Tədbirdə giriş nitqi ilə çıxış edən Tarix və Etnologiya İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov əvvəlcə Tarix və Etnologiya İnstitutunun yaranma tarixi və əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Bu institutun mürəkkəb, ziddiyyətli, eyni zamanda şərəfli yollardan keçdiyini, müasir sosial və elmi çağırışlara cavab verən, prioritet istiqamətlərdə tədqiqatlar apardığını söylədi. İnformasiya cəmiyyətinin, informatikanın tarixinin araşdırılmasının zəruriliyini önə çəkən professor Kərim Şükürov İnformasiya Texnologiyaları İnstitutu ilə birgə bu istiqamətdə multidissiplinar tədqiqatların aparıldığını, yeni elmi baxışların ortaya qoyulduğunu qeyd etdi.
Sonra çıxış edən akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu ilə Tarix və Etnologiya İnstitutu arasında əməkdaşlıq əlaqələrindən bəhs edərək ötən ilin dekabr ayında İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və informatikanın inkişaf tarixi” mövzusunda elmi konfransın keçirildiyini, həmin tədbirdə çox mühüm məsələlərə dair məruzələrin dinlənildiyini xatırlatdı. Eyni zamanda iki institutun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda informatikanın meydana gəlməsi və təşəkkül tarixinə dair tədqiqatların aparıldığını, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırdı.
Daha sonra “Azərbaycanda informasiya mədəniyyətinin təşəkkülü və təkamülü tarixinin araşdırılması zəruriyyəti haqqında” məruzəsini təqdim edən akademik Rasim Əliquliyev tarix və informasiya kontekstində ümumi mədəniyyətin tərkib hissələri haqqında məlumat verdi. Bildirdi ki, buraya musiqi mədəniyyəti, ekoloji mədəniyyət, siyasi mədəniyyət, nitq mədəniyyəti, informasiya mədəniyyəti və s. aiddir.
Azərbaycanda informasiya mədəniyyətinin təşəkkülü və təkamülü tarixinin araşdırılmasının zəruri olduğunu qeyd edən AMEA-nın vitse-prezidenti bildirdi ki, əsas məqsəd qədim zamanlardan indiyə kimi Azərbaycanda informasiyanın qeydə alınması, emalı, mühafizə olunması, göndərilməsi, alətləri və texnologiyalarının meydana gəlməsi və təkamülü tarixinin tədqiq olunmasıdır. Akademik həmçinin qlobal çağırışlar və süni intellektin yaratdığı reallıqlar kontekstində rəqəmsal tarix və tarixi informatika istiqamətində multidissiplinar tədqiqatların aparılmasının müasir dövrün tələbi olduğunu vurğuladı: “Tarix və Etnologiya İnstitutu ilə İnformasiya Texnologiyaları İnstitutu bu istiqamətdə öz səylərini birləşdirməli, birgə fəaliyyət göstərməlidir”.
Görüşdə həmçinin iki institut arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqatların aparılması və yüksəkixtisaslı kadrların hazırlanmasına dair müzakirələr aparıldı, mühüm təkliflər irəli sürüldü.
Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı, çoxsaylı suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.