Virtual məkanda milli onomastikanın formalaşması və təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub

24 Oktyabr 2024 - 10:17 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq, elmi seminarın institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yedgar Cəfərovun filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə əldə olunmuş elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Y.Cəfərov doktorluq dissertasiyasını təqdim edərək, tədqiqatın məqsədinin virtual mühitdə dilin yerinə yetirdiyi funksiyaların və bu mühitdə dil vahidlərindən, xüsusi adlardan istifadə prinsiplərinin öyrənilməsi, eləcə də dilin inkişafı imkanlarının, milli dillərə qarşı təhdidlərin və onların aradan qaldırılması yollarının tədqiqindən ibarət olduğunu bildirib. Əlavə edib ki, tədqiqat çərçivəsində onomastik təhlükəsizliklə bağlı məsələlərin aktuallaşdırılması, mövcud problemlərin həlli imkanlarından istifadə üçün effektiv təşəbbüslərin irəli sürülməsi də nəzərdə tutulur.

Məruzəçi qeyd edib ki, real həyatda həm mühüm ünsiyyət vasitəsi, həm də dünya haqqında bütün təsəvvürlərin formalaşdığı təbii intellektual sistem kimi çıxış edən dilin virtual reallıqdakı statusunun, istifadə funksionallığının müəyyənləşdirilməsi, qloballaşma şəraitində milli dillərin inkişafının təmin olunması, informasiya cəmiyyətinin formalaşdırdığı yeni dil mühitindən məqsədyönlü şəkildə istifadə mövzunun aktuallığını şərtləndirən başlıca amillərdəndir. Bununla yanaşı, rəqəmsallaşdırma dövründə milli onomastik təhlükəsizliklə bağlı qlobal çağırışlar, bu sahədə beynəlxalq norma və təcrübələrin öyrənilməsi, Azərbaycan toponimlərinə qarşı genosid siyasətinin həyata keçirilməsi, geoonomastika məsələləri, Milli Toponomik Geoinformasiya Sisteminin qurulması zərurəti də mövcuddur.

Sonra o, tədqiqat işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını diqqətə çatdırıb: “Dissertasiya işi çərçivəsində virtual kommunikasiyanın xarakterik xüsusiyyətlərinin nəzərdən keçirilməsi, dil vahidlərinin struktur, qrafik, orfoqrafik, orfoepik xüsusiyyətlərinin öyrənilməsi, virtual adların yaradılma formalarının təhlili, domen adlarının yeni onomastik vahidlər kimi xarakterizə edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, çoxdilli İnternet mühitində Azərbaycan və ümumilikdə türk dillərindən istifadə perspektivlərinin müəyyən edilməsi, bu sahədə mövcud problemlərin həlli yollarının araşdırılması, geoonomastika probleminin aktuallaşdırılması, Azərbaycan adları və soyadlarındakı təhrif tiplərinin ümumiləşdirilməsi, virtual şəxsiyyət və onun formalaşmasında dil amilinin rolunun təhlili və s. məsələlərə baxılmışdır”.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.

Daha sonra dissertasiya işi üzrə elmi məsləhətçi akademik Rasim Əliquliyev çıxış edərək müasir dövrdə virtual məkanda dil problemlərinin son dərəcə aktual olduğunu qeyd edib. Akademik Rasim Əliquliyev bu gün ölkəmizdə dilin dövlət siyasətinin əsasını təşkil etdiyini, bu məsələyə Prezident Cənab İlham Əliyev tərəfindən xüsusi diqqət ayrıldığını bildirib.

Dünyada gedən qlobal proseslər, eləcə də IV Sənaye İnqilabı və Əşyaların İnternetinin (IoT) təsiri ilə onomastika sahəsində baş verən yeniliklərdən danışan alim dissertasiya işi çərçivəsində bu sahədə dünya təcrübəsinin, müasir çağırışların, onomastik transformasiya proseslərinin öyrənilməsinin, eləcə də onomastik informatika və dilin semantik aspektlərinə dair araşdırmaların aparılmasının vacibliyini önə çəkib.

Akademik Rasim Əliquliyev Azərbaycanda da milli onomastika sahəsində yarana biləcək təhlükələr, milli onomastik təhlükəsizlik, eləcə də IoT-onomastika ilə bağlı tədqiqatların aparılmasına dair təklif və tövsiyələrini də səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.