AR ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev elmi seminarın institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya üzrə alınmış elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.
Sonra F.Abdullayeva “Bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edib. Məruzəçi qeyd edib ki, tədqiqat işinin məqsədi bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün metodoloji əsasların və kiberhücumlara qarşı kiberdayanıqlığının artırılması üçün maşın təlimi və dərin təlim əsaslı süni intellekt üsullarının işlənməsidir.
O, bildirib ki, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında AR Prezidentinin 3 iyun 2019-cu il tarixli Fərmanı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasında bulud texnologiyalarının e-dövlət mühitində elektron resursların etibarlı saxlanması və onlara asan çıxışın təmin olunması texnologiyası kimi qiymətləndirilməsi, elektron sistemlərin “bulud” texnologiyasına uyğunlaşdırılması tendensiyaları mövzunun aktuallığını şətləndirən başlıca amillərdəndir. Dissertasiya işində, həmçinin, AR Prezidentinin 2023-cü il 28 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”sında müxtəlif sahələrin inkişafı kimi bulud texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyinin təmin edilməsi məsələsi də öz əksini tapmışdır.
F.Abdullayeva tədqiqat işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını diqqətə çatdırıb: “Dissertasiya işi çərçivəsində bulud sistemlərinin kibertəhlükəsizliyinin və kiberdayanıqlılığının müasir vəziyyətinin analizi və problemləri müəyyənləşdirilmişdir. Sistemin kibertəhlükəsizliyi və kiberdayanıqlılığı arxitekturalarının konseptual əsasları işlənmiş, yük balanslaşdırılması üçün planlaşdırma modelləri, inam modellərinin qurulması, anomaliyaların və kiberhücumların aşkarlanması, eləcə də kiberdayanıqlılığının təmin edilməsi üçün server imtinalarının aşkarlanması üsulları araşdırılmışdır”.
Daha sonra məruzəçi dissertasiya işində müdafiəyə çıxarılan əsas müddəaları təqdim edib. Bildirib ki, bunlara bulud informasiya sisteminin ümumi arxitekturası, kibertəhlükəsizlik üçün hücumların təsnifatlaşdırılması, ümumi kibertəhlükəsizlik və kiberdayanıqlılıq arxitekturası, eləcə də bulud serverlərinin imtinalara dayanıqlılığının təmin edilməsi və onların proqnozlaşdırılması üçün dərin təlim və maşın təlimi üsuları daxildir.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.
Dissertasiya işinə dair elmi məsləhətçi akademik Rasim Əliquliyev çıxış edərək doktorluq işi çərçivəsində aparılan tədqiqatlar və əldə olunan elmi-nəzəri nəticələrə münasibətini bildirib. Mövzunun aktuallığını önə çəkən akademik Rasim Əliquliyev bulud texnologiyalarının öz əhəmiyyətinə görə yaşıl rəqəmsal texnologiyaların əsasını təşkil etdiyini qeyd edib. Bulud texnologiyalarının kibertəhlükəsizliyinin təmin olunmasında yaşıl və rəqəmsal transformasiyaların əhəmiyyətindən danışan alim bu istiqamətdə tədqiqatların aparılmasına dair təklif və tövsiyələrini səsləndirib. Həmçinin bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı beynəlxalq təcrübə və standartların dərindən araşdırılmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.