Oktyabrın 15-də AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AR Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İstanbul Texniki Universiteti ilə birgə layihəsi olan “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlimin açılış mərasimində çıxış edib. Alim NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənmiş birgə layihənin ölkəmizdə kibertəhlükəsizlik və kibermüdafiə problemlərinə geniş diqqət ayrılması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
“Süni intellekt texnologiyalarının gətirdiyi reallıqlar kontekstində müasir dövrdə kibertəhlükələrlə mübarizə aparılması dünya ölkələrinin qarşısında duran əsas prioritetlərdən biridir”, – deyən akademik R.Əliquliyev hazırda dövlət başçısı Cənab İlham Əliyev tərəfindən Azərbaycanda ictimai həyatın bütün sahələrində qabaqcıl texnologiyaların tətbiqinə böyük önəm verildiyini bildirib, bu istiqamətdə ölkəmizdə əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, mühüm qərarların qəbul edildiyini söyləyib. Bu gün Azərbaycanda beynəlxalq təcrübəyə, elmi əsaslara söykənən milli kibertəhlükəsizlik ekosisteminin formalaşmaqda olduğunu bildirən alim müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinin zəruriliyini də vurğulayıb.
AMEA-nın vitse-prezidenti bildirib ki, eyni zamanda ölkəmizdə dövlət, biznes, vətəndaş cəmiyyəti və akademik sektorlar arasındakı münasibətləri özündə əks etdirən milli kibertəhlükəsizlik ekosistemi qlobal ekosistemə də uğurla inteqrasiya olunur. Beynəlxalq kibertəhlükəsizlik qiymətləndirmələrinə əsasən, Azərbaycan bu istiqamətdə də layiqli yerlərdən birini tutur və ildən-ilə vəziyyət daha da yaxşılaşır.
“Azərbaycanda kibertəhlükəsizlik sahəsinin sürətlə inkişafı, dilimizə “kibermüdafiə”, “kiberdiplomatiya”, “kibergigiyena” və s. kimi yeni terminlərin daxil olması, o cümlədən yüksəkixtisaslı kadr potensialının formalaşdırılması zərurəti bu sahədə yeni reallıqlar yaradır, mühüm çağırışlar ortaya qoyur və bu istiqamətdə tədqiqatların aparılmasını, o cümlədən institusional tədbirlərin həyata keçirilməsini tələb edir”, - deyə akademik R.Əliquliyev qeyd edib.
Alim ölkəmizdə kibertəhlükəsizlik sahəsində qəbul edilmiş dövlət əhəmiyyətli sənədlərin icrası istiqamətində AR Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təqdirəlayiq fəaliyyətini diqqətə çatdırıb. O, AR Prezidenti Cənab İlham Əliyevin 29 mart 2018-ci il tarixli Sərəncamı ilə yaradılmış İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ölkəmizdə dayanıqlı milli kibertəhlükəsizlik ekosisteminin formalaşması və onun müxtəlif istiqamətlər üzrə problemlərinin müzakirə olunması, eləcə də müvafiq qurumların diqqətinin bu problemlərə cəlb olunması istiqamətində də uğurla fəaliyyət göstərdiyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.