Bakıda “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda 3-cü İƏT Beyin Mərkəzləri Forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Türkiyənin “İKSAD” İnstitutunun təşkilatçılığı ilə baş tutub. Tədbirə müvafiq qurumların, ali təhsil müəssisələrinin nümayəndələri, İƏT ölkələrinin təmsilçiləri və digər alim və mütəxəssislər qatılıblar. Forumda ETN İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da fəal iştirak ediblər.
Beynəlxalq Forumda İnstitutun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev “Yeni nəsil iqtisadiyyatın elmi nəzəri və metodoloji əsaslarının formalaşması üzrə bəzi konseptual mülahizələr” və institutun böyük elmi işçisi, tex.ü.f.d. Roza Şahverdiyeva “Yeni nəsil texnoloji iqtisadi inkişaf proseslərinin effektivliyinin yüksəldilməsində ekosistemlərin formalaşdırılması və inkişafı problemləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonra tədbirdə “Yaşıl inkişaf: enerji, infrastruktur və milli strategiyalar”, “Yeni iqtisadi düşüncə və rəqəmsallaşma” və “Yeni nəsil iqtisadiyyatın təsir dairəsində” sessiyaları üzrə panel müzakirələri keçirilib, yeni nəsil iqtisadiyyat, yaşıl inkişaf və s. kimi mövzularda məruzələr dinlənilib.
Sonda Tacikistan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə İqtisadi Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.