AR ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Mədəniyyət” kanalının “Səhərçağı” proqramında çıxış edib. Alim çıxışı zamanı Stenford Universitetinin dərc etdiyi, dünyanın ən yaxşı 2% alimlərinin reytinq siyahısı haqqında məlumat verib. Bu siyahının 2019-cu ildən etibarən dünyanın nüfuzlu akademik nəşriyyatı olan Elsevier şirkətinin Scopus elmmetrik bazasının bir il əvvəlki məlumatları əsasında hazırlandığını deyib. İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin artıq 5-ci ildir ki, süni intellekt sahəsində beynəlxalq reytinq siyahılarında təmsil olunduqlarını vurğulayıb.
Alim çıxışı zamanı ölkəmizdə süni intellekt sahəsində həyata keçirilən dövlət siyasəti, eyni zamanda İnformasiya Texnologiyaları İnstitutunda dünya elminin tələblərinə cavab verən, süni intellektin aktual problemlərinə dair aparılan tədqiqatlar, əldə olunan mühüm nəticələr haqqında danışıb.