“Kiber-fiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarının tətbiqi” mövzusunda məqalə dərc olunub

05 Sentyabr 2024 - 13:04 | Yeni nəşrlər
“Kiber-fiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarının tətbiqi” mövzusunda məqalə dərc olunub

İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının həmmüəllifliyi ilə çap edilmiş “Kiber-fiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarının tətbiqi” (“Application of artificial intelligence technologies in security of cyber-physical systems” DOI: 10.5121/ijcsit.2024.16404 37) adlı məqalə nüfuzlu “İnternational Journal of Computer Science & Information Technology” (IJCSIT) jurnalında dərc olunub.

Məqalənin müəllifləri institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovdur.

Məqalədə son dövrlərdə texnologiyanın və rəqəmsallaşmanın inkişafı ilə əlaqədar olaraq kiber-fiziki sistemlərin kibertəhlükəsizlik məsələlərinin daha çox əhəmiyyət kəsb etməsi, həmçinin bu sistemlərdə kiberhücumçuların istifadə edə biləcəyi yeni boşluqların yaranmasından bəhs olunub. Kiber-fiziki sistemlərdə kibertəhlükələrlə mübarizədə süni intellekt texnologiyalarından geniş istifadə edilməsinin vacibliyi də qeyd olunub. Süni intellekt kibertəhlükələri tez aşkar etmək və onlara avtomatik həllər tapmaqla sistemin təhlükəsizliyini gücləndirir. Yeni nəsil obyektlərin (enerji paylayıcı şəbəkələr, “ağıllı” sistemlər, neft və qaz səneyisi, su infrastrukturu və s.) rəqəmsallaşdırılması onların səmərəli idarəedilməsini təmin etməklə yanaşı, sensorlara, icra mexanizmlərinə, şəbəkəyə və idarəetmə avadanlıqlarına kiberhücumların sayını artırır.

Tədqiqat işində kiber-fiziki sistemin konseptual modeli və süni intellektdən kiberhücumları aşkar etmək, onların qarşısını almaq, böyük verilənləri təhlil və emal etmək, girişə nəzarət və autentifikasiya, təhlükəsizlik təhdidlərini proqnozlaşdırmaq, eləcə də qarşısını almaq üçün istifadə edilməsi təklif edilmişdir.

Qeyd edək ki, IJCSIT jurnalı “IET Inspec“, “Google Scholar", "Scilit", "Open J-Gate", "EBSCO Publishing" və s. beynəlxalq elmi bazalarında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.