“Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə aparılan tədqiqatların nəticələri müzakirə olunub

03 Sentyabr 2024 - 12:14 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

Şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov elmi seminarın institutun baş mütəxəssisi Tamilla Bayramovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə alınmış elmi nəticələrin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Mövzunu təqdim edən T.Bayramova qeyd edib ki, proqram sistemləri iqtisadi artımın təmin edilməsində, insanların sosial rifahının yaxşılaşdırılmasında və qlobal problemlərin həllində innovasiya, səmərəlilik və transformasiyaya təkan verməklə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Süni intellektə söykənən müasir proqramlaşdırma insandan yaradıcı düşüncə, xüsusi məharət tələb edən intellektual fəaliyyət növündən kütləvi istehsala qədər inkişaf edərək proqram məhsullarının istehsalı sənayesinə çevrilmişdir. O, vurğulayıb ki, informasiya sistemlərinin tərkib hissəsi olan proqram sisteminin etibarlılığının qiymətləndirilməsi və proqnozlaşdırılması müasir proqram mühəndisliyinin aktual problemlərindəndir.

Tədqiqatçının sözlərinə görə, dörd fəsildən ibarət dissertasiya işində proqram sistemlərinin keyfiyyəti və etibarlılığı sahəsində aparılan tədqiqatların müasir vəziyyətinin təhlili və mövcud problemlərin analizi, proqram sistemlərində səhvlərin proqnozlaşdırılması, qarşısının alınması, eləcə də proqram sistemlərinin etibarlılığının proqnozlaşdırılması və qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi nəzərdə tutulmuşdur.

Sonra məruzəçi dissertasiya işində qoyulmuş elmi-nəzəri və praktiki məsələlərdən bəhs edib. Qeyd edib ki, bunlara proqram mühəndisliyi sahəsində mövcud vəziyyətin analizi və problemlərin müəyyənləşdirilməsi, proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün konseptual modelin işlənməsi, səhvlərin klassifikasiyası və aşkar edilməsi üçün intellektual sınaq metodlarının analizi, həmçinin etibarlılığın proqnozlaşdırılması və qiymətləndirilməsi üçün metodun işlənməsi və s. aiddir.

Tədqiqatçı proqram sistemlərinin etibarlılığının qiymətləndirilməsi üçün mövcud modellərin və texnologiyaların analizindən də söz açıb: “Proqram sistemlərinin etibarlığının qiymətləndirilməsinə iki yanaşma mövcuddur. Bunlar keyfiyyət və kəmiyyət yanaşmalarıdır. Keyfiyyət yanaşması standartlar, təşkilatdaxili normativ sənədlər tərəfindən müəyyən edilən tələblər sisteminə əsaslanır. Proqram sisteminin etibarlılığını qiymətləndirən zaman bu tələblər yoxlanılır. Kəmiyyət yanaşmasında isə proqram sisteminin etibarlılığı müxtəlif riyazi modellər əsasında hesablanır”.

Daha sonra T.Bayramova nəzərə çatdırıb ki, proqram sistemlərinin müxtəlif etibarlılıq modelləri mövcuddur. Bunlara səhvlərin sayını nəzərə almayan modellər, imtinaların sayına görə modellər, səhvlərin səpilməsi ilə modellər, giriş verilənləri əsasında modellər və s. aiddir. Məruzəçi intellektual texnologiyaların tətbiqi ilə etibarlılığın artım modellərinin işlənməsinin müasir tədqiqat istiqamətlərindən biri olduğunu qeyd edib.

Proqram sisteminin etibarlılığı sahəsində mövcud problemlərdən bəhs edən məruzəçi qeyd edib ki, burada mürəkkəbliyin artması, tələblərin dəyişməsi, insan amili, sınaq prosesinə qoyulmuş məhdudiyyətlər və s. kimi problemlər mövcuddur.

O, proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün proqram sistemlərində olan səhvlərin qeydiyyatının aparılması, onların klassifikasiyasının vacibliyini vurğulayaraq, proqram təminatının mürəkkəbliyinin azaldılması, maşın təlimi metodlarının tətbiqi ilə proqram sistemlərində aşkar edilməmiş səhvlərin sayının proqnozlaşdırılması, dərin təlim metodlarının tətbiqi ilə etibarlılığın proqnozlaşdırılması və neyron şəbəkələrin tətbiqi ilə etibarlılığın qiymətləndirilməsi üçün metodun işlənməsi və s. haqqında da ətraflı məlumat verib.

Sonda dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.