İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Məlumatların Mühafizəsi üzrə Əsas Reqlamentin (General Data Protection Regulation, GDPR) təhlili” mövzusunda məruzə dinlənilib. Məruzəni təqdim edən AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev GDPR-ın formalaşması, yaranma səbəbləri, əhatə dairəsi, prinsipləri, problemləri və s. haqqında ətraflı məlumat verib.
O, qeyd edib ki, Məlumatların Mühafizəsi üzrə Əsas Reqlament Avropa İttifaqı daxilindəki fərdi məlumatların toplanması və emalı üçün qaydaları təyin edən hüquqi çərçivədir. Burada məqsəd fərdi məlumatların qorunması üçün tədbirləri gücləndirmək, fərdi məlumatlar üzərində nəzarəti fərdlərə həvalə etmək, Avropada məlumatların məxfiliyi haqqında qanunları harmonizasiya etməkdən ibarətdir.
Məruzəçi GDPR-in 2016-cı ildə qəbul edildiyini, 2018-ci ildən isə qüvvəyə mindiyini diqqətə çatdırıb. Bildirib ki, Məlumatların Mühafizəsi üzrə Əsas Reqlament Avropa İttifaqı (Aİ) sakinlərinin fərdi məlumatları ilə işləyən bütün təşkilatlara şamil edilir, eləcə də Aİ sakinlərinə mal və ya xidmət təklif edən, onların davranışlarını izləyən Aİ-dən kənar şirkətlərə təsir edir.
“Məlumatların Mühafizəsi üzrə Əsas Reqlamentin yaranma səbəbləri özəl təşkilatlar tərəfindən fərdi məlumat sızıntılarının və kibertəhlükələrin artması, onlardan sui-istifadə edilməsi, fərdi məlumatların toplanması, saxlanması və istifadəsində şəffaflığın olmaması və s. ibarətdir. Onun prinsiplərinə qanunilik, şəffaflıq, məlumatın minimuma endirilməsi, dəqiqlik, bütövlük, məxfilik aiddir”, - deyə B.Nəbiyev qeyd edib.
Mərkəz rəhbəri GDPR-ın elmi tədqiqatlarda iştirakından da bəhs edib. Qeyd edib ki, proqram tədqiqat məlumatlarının toplanması, saxlanması və paylaşılmasına təsir edir. Onun sözlərinə görə, fərdi məlumatlarla əlaqəli tədqiqatlarda etik baxış və təsdiq nəzərə alınmalıdır. İştirakçıların hüquqlarına hörmətlə yanaşılması və qorunması, tədqiqat müəssisələri arasında məlumat paylaşımının asanlaşdırılması, GDPR-a uyğunluğun təmin edilməsi, tədqiqat layihələrində güclü məlumat təhlükəsizliyi tədbirlərinin tətbiqi bu sahədə əsas prinsiplər hesab olunur.
Daha sonra GDPR-in Azərbaycandakı perspektivlərindən söz açan məruzəçi bildirib ki, Azərbaycanın cari məlumat mühafizəsi qanun və qaydalarına ümumi baxışın yenidən qurulması, ölkəmizdə GDPR prinsiplərinin öyrənilməsi, GDPR tətbiqi üçün strateji yol xəritəsinin hazırlanması, maraqlı tərəflərin cəlb edilməsi, eləcə də Avropa mühitinə intqerasiyanın asanlaşdırılması qarşıda duran başlıca vəzifələrdəndir.
Tədqiqatçı GDPR-in problemləri haqqında da məlumat verib: “Proqramda yeni çağırışlar və texnologiyalara cavab vermək üçün potensial dəyişikliklər və yenilənmələr aparılmalı, onun təkmilləşdirilməsi üçün davamlı səylər göstərilməli, süni intellekt, Əşyaların interneti və digər yeni texnologiyalar tərəfindən yaradılan məlumat mühafizəsi prinsipləri tətbiq olunmalıdır. Həmçinin məxfilik və məlumat mühafizəsi yanaşmalarında yeniliklər əldə olunmalıdır”.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək fərdi məlumatların idarə olunması məsələlərinin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd edib, bu məlumatların hüquqi, iqtisadi və s. aspektlərinin dərindən araşdırılmasının əhəmiyyətinə toxunub. Alim fərdi məlumatların toplanması, emalı, arxivləşdirilməsi sahəsində boşluqların aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsi məqsədilə beynəlxalq səviyyədə, o cümlədən ölkə səviyyəsində yeni çağırışların müəyyən edildiyini bildirib. Akademik R. Əliquliyev Məlumatların Mühafizəsi üzrə Əsas Reqlamenti ilə bağlı aparılan tədqiqatların konkretləşdirilməsi, onun süni intellekt qarşısında qoyduğu vəzifələrin müəyyənləşdirilməsi, eləcə də bu sahədə ciddi kateqorial yanaşmaların hazırlanması istiqamətində təklif və tövsiyələrini səsləndirib, bu mövzuda məqalələrin hazırlanmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.