Vision transformer əsasında sifət təsvirlərinin tanınması metodu işlənilib

22 Avqust 2024 - 10:00 | Konfranslar, İclaslar

Yeni metod smart işıqforlarda piyadaların yaş qruplarına uyğun keçidinin tənzimlənməsi sisteminə tətbiq olunub. 1-110 yaş aralığında toplanmış verilənlər üzərində aparılmış eksperimentlər nəticəsində metod yüksək nəticələr göstərib.

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva institutda keçiririlən növbəti elmi seminarda "Vision transformer əsasında sifət təsvirlərinin tanınması metodunun işlənməsi" adlı məruzə ilə çıxışı zamanı bu barədə məlumat verib.

F.Abdullayeva yol təhlükəsizliyinin qorunmasında işıqforların tətbiqinin mühüm vasitə olduğunu qeyd edib. O, işin məqsədinin piyadaların sifət təsvirləri əsasında genderinin və yaşının təyin edilməsi və təyin edilmiş yaşa görə piyadaların keçidinin tənzimlənməsi üçün vision transformer əsaslı yanaşmanın işlənilməsindən ibarət olduğunu qeyd edib: “Məsələnin həlli üçün vision transformer, logistic regression, random forest və digər alqoritmlər əsasında hibrid sistem işlənmişdir. Burada kateqoriyalı verilənlər piyadaların sifət təsvirlərinin gender siniflərinə klassifikasiyası üçün istifadə edilmişdir. Kəsilməz (continuous) yaş verilənləri piyadaların sifət təsvirləri əsasında yaşının təyin edilməsi üçün istifadə edilmişdir”.

Tədqiqatçının sözlərinə görə, miqyaslılıq və çeviklik, qlobal təsvir əlamətlərinin öyrənilməsinin çətinliyi, vizual əlamətlərin ardıcıllıqlar şəklində olmaması təsvirlərin tanınması problemləridir. Məruzəçi işdə məhz bu problemlərin aradan qaldırılması üzrə tədqiqatlar aparıldığını qeyd edib.

F.Abdullayeva həmçinin sifət təsvirlərinin tanınması metodunun təklif edilən arxitektur modelini təqdim edərək yanaşmanın iş prinsipini şərh edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.