Süni intellekt texnologiyalarının tətbiqi ilə yeni nəsil iqtisadiyyat sektorlarının formalaşdırılması məsələləri müzakirə olunub

26 Avqust 2024 - 11:17 | Konfranslar, İclaslar
Süni intellekt texnologiyalarının tətbiqi  ilə yeni nəsil iqtisadiyyat sektorlarının formalaşdırılması məsələləri müzakirə olunub

Azərbaycanın Yeni Nəsil İqtisadiyyat Strategiyasının reallaşdırılması yeni dövrdə ölkədə biznes transformasiyasının gücləndirilməsinə və potensialın artırılmasına, Dördüncü Sənaye İnqilabı texnologiyalarının geniş tətbiqini nəzərdə tutan model tipli müəssisənin və yeni nəsil texnoloji mərkəzlərin qurulmasına, rəqəmsal əkizlərin yaradılmasına, əlverişli biznes və informasiya infrastrukturun dəstəklənməsinə və s. sahələrdə  inkişafa ciddi yeni texnoloji zəmin yaradacaq.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun müvafiq struktur bölməsində “Süni intellekt texnologiyalarının tətbiqi ilə yeni nəsil iqtisadiyyat sektorlarının formalaşdırılması məsələləri” mövzusunda keçirilən elmi seminarda şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev məlumat verib.

Alim bildirib ki, yeni nəsil iqtisadiyyat sektorlarının formalaşdırılması mərhələlərinə rəqəmsal iqtisadiyyat və onun təkamülü, süni intellektin rəqəmsal transformasiyanın katalizatoru olması, süni intellektin yeni nəsil rəqəmsal iqtisadiyyatın bazasını təşkil etməsi, eləcə də avtomatlaşdırma və səmərəlilik səviyyəsinin yüksəldilməsi və s. daxildir.

Sonra süni intellekt əsasında formalaşan yeni nəsil iqtisadiyyat sektorlarından bəhs edən şöbə müdiri qeyd edib ki, rəqəmsal texnologiya süni intellekt sənayesini, iqtisadiyyatını və gündəlik həyatımızın strukturunu yenidən formalaşdırır, gələcək nəsil iqtisadi sektorların meydana gəlməsi prosesini sürətləndirir. Süni intellekt bərpa olunan enerji mənbələrinin optimallaşdırılmasında, avtonom nəqliyyat vasitələrinin, təhsilin, səhiyyənin, ticarət strategiyalarının inkişafında mühüm rol oynayır.

Şöbə müdirinin sözlərinə görə, süni intellekt texnologiyalarının maşın və dərin təlim, robototexnika və avtomatlaşdırma, neyron şəbəkələr, ekspert sistemləri, təbii dilin emalı, kompüter vizyon kimi müxtəlif alt sahələri mövcuddur.

Daha sonra Ə.Əliyev süni intellekt texnologiyalarının perspektiv tətbiqləri haqqında söz açıb: “Son hesabatalara görə, intellektual texnologiyaların qlobal dünyada ÜDM-ə töhfəsi 15,7 trilyon ABŞ dolları olaraq qiymətləndirilir. Ekspertlərin fikrincə, 2030-cu ilə qədər bu göstərici məhz süni intellekt sayəsində 14% artacaq. Yaxın onillikdə süni intellektin əsas bazar trendinə və ən yaxşı biznes alətinə çevriləcəyi də güman edilir”.

Məruzəçi süni intellektlə bağlı proqnozlar, 2018-2024-cü illər üzrə süni intellekt sahəsində həllər üçün qlobal bazarın həcmi, qlobal süni intellekt bazarında gəlirlər haqqında da məlumat verib.

Ə.Əliyev çıxışının sonunda bildirib ki, süni intellekt texnologiyaları ilə dəstəklənən yeni nəsil iqtisadiyyatın konseptual əsasları iqtisadi paradiqmaları yenidən müəyyənləşdirməyə imkan yaradır. Süni intellekt texnologiyalarını təhlil etmək, nəticələri proqnozlaşdırmaq, tapşırıqları avtomatlaşdırmaq və fərdiləşdirməni təkmilləşdirmək bacarığı müxtəlif iqtisadi sektorlarda innovasiya və tərəqqiyə təkan verir. Süni intellekt texnologiyaları iqtisadi inkişafa, qərar qəbul etmə proseslərinə və innovasiyalara töhfə verən bir sıra funksiyalar təklif edir.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, eyniadlı məqalə iyulun 17-18-də AMEA-da keçirilən “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” beynəlxalq elmi konfransında məruzə etmək üçün təqdim olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.