İnformasiya Texnologiyaları İnstitutunun rəqəmsal transformasiya, innovasiya və iqtisadiyyatın formalaşması problemlərinin tədqiqi və idarə olunması üzrə fəaliyyət göstərən şöbənin “Ali təhsil sisteminin iqtisadi səmərəliliyinin yüksəldilməsində rəqəmsal texnologiyaların tətbiqi istiqamətləri” mövzusuna həsr olunmuş şöbələrarası elmi seminarı keçirilib. Elmi seminarda institutun Tədris-İnnovasiya Mərkəzi və digər aidiyyəti şöbələrin əməkdaşları iştirak etmişdir.
Öncə institutun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev institutun əməkdaşı Aytən Ağayeva ilə həmmüəllif olduqları məruzə haqqında məlumat verib.
Ə.Əliyev ali təhsil sisteminə iqtisadi yanaşmanın elmi-nəzəri əsasları, təhsil sisteminin fəaliyyətinin iqtisadi səmərəliyinə təsir edən amillər barədə danışıb, Azərbaycan Respublikasının ali təhsil sisteminin iqtisadi xüsususiyyətləri və problemlərindən bəhs edib. Həmçinin ali təhsilin iqtisadi səmərəliyi üzrə beynəlxalq təcrübəni təhlil edib və Azərbaycan üçün nümunələri diqqətə çatdırıb.
O, Ali təhsil sisteminin iqtisadi səmərəliliyinin çoxkriteriyalılıq əsasında qiymətləndirilməsinə yeni elmi-metodoloji yanaşmanın (metodikanın) mahiyyətini açıqlayıb.
Sonra məruzəni təqdim edən A.Ağayeva tədqiqatın əsas vəzifələrindən bəhs edərək, mövzu çərçivəsində ali təhsil sisteminin iqtisadi səmərəliyinin ölçülməsi metodlarının təhlil olunduğunu, ali təhsilin iqtisadi səmərəliyinin artırılmasında xarici təcrübənin dəyərləndirildiyini, ali təhsil sistemi iqtisadiyyatının səmərəliyinin kompozit qiymətləndirilməsi metodunun, o cümlədən ali təhsil sistemi iqtisadiyyatının səmərəliyinin yüksəldilməsi üçün innovativ tövsiyələrin işlənildiyini vurğulayıb.
Məruzəçi Azərbaycan Respublikası ali təhsil sistemi ilə bağlı statistik məlumatları təqdim edib, ölkə üzrə ümumilikdə 52 ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini bildirib. Həmçinin 2022-ci il üçün ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərclərinin illər üzrə struktur qrafikini diqqətə çatdırıb, Dünya təcrübəsində ali təhsilə ayrılan xərclər, Azərbaycanda müxtəlif təhsil pillələri üzrə təqaüdlərin məbləği, ali təhsil müəssisələrində çalışan əməkdaşlar və onlara dərəcələr üzrə ayrılan əmək haqqı məbləği haqqında məlumat verib.
A.Ağayeva Azərbaycan ali təhsil sektorunun optimal iqtisadi səmərəliyini artırmaq sahəsində mövcud problemlərdən danışıb, Azərbaycanda tədqiqat və inkişaf mərkəzlərinin təşkil edilməsinin zəruriliyinə toxunub: “Bu mərkəzlərin fəaliyyətə başlaması təlim metodu yenilənməsi, müasir tədris texnologiyalarının tətbiqi və tələbələrin praktiki bacarıqlarının inkişafı baxımından önəmlidir”.
Məruzəçinin sözlərinə görə, ali təhsil müəssisələrinin tədqiqat və inkişaf sahəsində rolu gücləndirilməlidir. O, bir çox inkişaf etmiş ölkələrdə tətbiq olunan universitet-sənaye əməkdaşlığı modelinin Azərbaycanda da tətbiqi imkanlarının nəzərdən keçirilməsinin vacibliyindən danışıb. Bildirib ki, bu, tədqiqatın ticarətə dönüşməsi, sənayenin inkişafı və innovasiyaların artırılması üçün əhəmiyyətlidir. Məruzəçi Oksford, Kembric və Harvard universitetlərinin təcrübəsi haqqında da məlumat verib. Əlavə edib ki, ABŞ-ın ali təhsil sektoru texnologiya transferi, sənaye tərəfdaşlığı və ixtisaslı işçi qüvvəsinin inkişaf etdirilməsi ilə ölkənin iqtisadi artımına təkan verir.
A.Ağayeva çıxışının sonunda ali təhsil sistemi iqtisadiyyatının səmərəliyinin yüksəldilməsi üçün təhsil sisteminin mahiyyətinin yenilənməsi, tələbə mərkəzli təhsil metodlarının tətbiqi, rəqəmsallaşma və distant təhsil infrastrukturunun gücləndirilməsi, tədqiqat və innovasiya, əmək bazarı hazırlığı, İKT-dən istifadə və blokçeyn texnologiyasının ali təhsilə tətbiqi ilə bağlı təkliflərini səsləndirib. O, Ali təhsil sisteminin iqtisadi səmərəliliyinin yüksəldilməsində rəqəmsal texnologiyaların tətbiqi məsələlərini ətraflı şəkildə izah etdi.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.