Mürəkkəb proqram sistemlərinin geniş tətbiqi onların dəqiq təşkil edilməsi, planlaşdırılması, layihələrin konkret müddətinin təyin edilməsi və iqtisadi effektivliyinin təhlil edilməsini tələb edir. Keyfiyyətli proqram sistemlərinin işlənilməsi üçün onun müəyyən qanunauyğunluqlara və standartlara müvafiq olaraq düzgün layihələndirilməsi vacib şərtlərdən biridir.
Bu barədə institutun böyük elmi işçisi Nəzakət Məlikova İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Proqram sistemlərinin layihələndirilməsi problemlərinin araşdırılması” mövzusunda məruzə ilə çıxışı zamanı məlumat verib.
Sistemin layihələndirilməsindən söz açan N.Məlikova bu prosesin layihə planının işlənilməsindən başlandığını deyib: “Planlaşdırma prosesi layihənin strukturu, ölçüləri, icraçılar arasında bölünməsi, layihəyə olan məhdudiyyətlərin təyin edilməsi və. s. məsələləri müəyyən edir”.
O, layihələndirmə prosesinin yerinə yetirilmə ardıcıllığını diqqətə çatdırıb. Bildirib ki, bu proses sistemin arxitekturunun layihələndirilməsi, altsistemlərə qoyulan tələblərin təyin edilməsi, istifadəçi interfeysinin layihələndirilməsi kimi mərhələrlərdən ibarətdir.
“Layihələndirmə prosesinin birinci mərhələsi arxitektur layihələndirmədir” – deyən məruzəçi bu mərhələdə altsistemlər, idarəetmə strukturu və altsistemlərin qarşılıqlı əlaqəsinin təyin edildiyini bildirib. Arxitektur layihələndirmənin məqsədinin proqram təminatının (PT) arxitekturasının təsvirini verməkdən ibarət olduğunu söyləyib. Onun sözlərinə görə, obyektyönümlü layihələndirmə müəyyən sinif obyektlərin və onların arasındakı qarşılıqlı əlaqələrin layihələndirilməsini nəzərdə tutur. PT-nin yaradılması prosesində obyektyönümlü yanaşmadan istifadə edilir.
İstifadəçi interfeysinin düzgün layihələndirilməsinin sistemin işinin səmərəliliyi baxımından vacib olduğunu qeyd edən məruzəçi onu da bildirib ki, interfeysin mürəkkəb olması istifadəçilərin səhvlərə yol vermələrinə səbəb olur.
N.Məlikova diqqətə çatdırıb ki, proqram sistemlərinin işlənilməsi zamanı müxtəlif ixtisaslardan olan peşəkar və intizamlı komandanın qurulması vacib şərtlərdən biridir. Proqram təminatı intellektual fəaliyyətin məhsulu olduğuna görə, müasir tələblərə cavab verən PT-nin yaradılması zamanı insan amili mütləq nəzərə alınmalıdır.
O, proqram təminatı sisteminin layihələndirilməsi problemlərindən də söz açıb. Qeyd edib ki, PT sistemlərinin layihələndirilməsi bir çox çətinliklərlə üzləşən mürəkkəb prosesdir. Problemlərə qeyri-müəyyən tələblər, qeyri-kafi ünsiyyət, tələb dəyişiklikləri, məhdud resurslar və s. daxildir. İnkişaf prosesində gözlənilməz problemlər yaranır ki, bu da gecikmələrə və xərclərin artmasına səbəb olur.
Sonda N.Məlikova tədqiqatın nəticələrini diqqətə çatdırıb. Kritik idarəetmə sistemlərinin kollektiv şəkildə işlənilməsi və müşaiyət edilməsi zamanı proqram komplekslərinin həyat dövrünün layihələndirilməsinin aktual məsələlərdən olduğunu söyləyib. Bu kimi hallarda texnoloji proseslərin, onların həyat dövrünün dəqiq planlaşdırılması və idarə edilməinin zəruri olduğunu qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.