Elektron dövlətin tərkib hissəsi kimi terminoloji informasiya sisteminin elmi-nəzəri əsaslarının işlənilməsinə dair dissertasiya işinin ilkin müzakirəsi keçirildi

20 İyun 2024 - 11:41 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan iclasın sədri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova seminarın institutun dissertantı Əfruz Qurbanovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Milli terminoloji  informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsinə həsr olunduğunu qeyd etdi.

İddiaçı Ə.Qurbanova dissertasiya işini təqdim edərək, tədqiqatın məqsədinin beynəlxalq təcrübə və standartlar əsasında e-dövlət platformasında Azərbaycan dili ekosisteminin tərkib hissəsi kimi Milli terminoloji informasiya sisteminin (MTİS) sintezi üçün model, metod və alqoritmlərin işlənməsi olduğunu bildirdi.  

Məruzəçi qeyd etdi ki, İnternetin sürətlə inkişafı nəticəsində milli dil mühitinə daxil olan çoxdilli informasiya seli qarşısında dilin terminoloji təhlükəsizliyinin təmin olunması, İnternet və İKT-nin imkanlarından istifadə etməklə terminoloji fəaliyyətin səmərəliliyinin yüksəldilməsi, ölkədə terminoloji fəaliyyətin müvafiq beynəlxalq standartların və müasir İKT-nin tələblərinə müvafiq qurulması və s. mövzunun aktuallığını şərtləndirən amillərdir. Ə.Qurbanova e-dövlət çərçivəsində terminoloji lüğətlərin və digər mühüm materialların vahid reyestrinin formalaşdırılmasının, cəmiyyətin bütün təbəqələrinin termin yaradıcılığında aktiv iştirakının təmin edilməsinin zamanın tələbi olduğunu vurğuladı.

İddiaçı dissertasiya işində qoyulmuş  elmi-nəzəri və praktiki məsələlər, müdafiəyə çıxarılan əsas elmi müddəalar və tədqiqatın  elmi-nəzəri və praktiki əhəmiyyətini seminar iştirakçılarının diqqətinə çatdırdı.

Sonra Ə.Qurbanova dissertasiya işinin əsas nəticələrini təqdim etdi. Bildirdi ki, tədqiqat çərçivəsində terminoloji informatikanın elmi-texnoloji problemləri analiz olunmuş, əsas inkişaf istiqamətləri müəyyən olunmuş və bu istiqamətlərdə elmi araşdırmaların aparılmasının vacibliyi əsaslandırılmışdır. Eyni zamanda Milli Terminoloji İnformasiya Sisteminin konseptual modeli və arxitektur-texnoloji prinsipləri işlənmiş, funksional alt sistemləri təhlil edilmiş, imkan və perspektivləri müəyyənləşdirilmişdir.

Məruzəçinin sözlərinə görə, MTİS çərçivəsində dinamik proseslərin modelləşdirilməsi üçün populyasiya artım modelinə əsaslanan metod, terminoloji dinamiki proseslərin intellektual analizi üçün səlis klasterləşmə alqoritmi və Naive Bayes təsnifatlandırma modelinə əsaslanan metod, o cümlədən MTİS əsasında fərdlərin nitqlərinin populyarlıq səviyyəsinin qiymətləndirilməsi üçün statistik tezlik modelinə əsaslanan metod işlənmişdir.

O, termin yaradıcılığı prosesləri və terminoqrafiya işlərinin avtomatlaşdırılması məsələləri, ölkədə bu sahədə mövcud vəziyyət və problemlərin təhlil edildiyini, tövsiyələrin verildiyini söylədi. Bildirdi ki, dissertasiya işi çərçivəsində predmet sahəsinin terminlərinin semantik şəbəkəsinin avtomatik qurulması texnologiyaları, terminlər arasında semantik əlaqələrin gücünün hesablanması metodu təhlil olunmuş, metodun tətbiqi istiqamətində proqram təminatı işlənmişdir. Milli terminoloji informasiya sistemi çərçivəsində terminoloji dinamiki proseslər riyazi qanunauyğunluqlar əsasında formalaşdırılmış və sistemin ümumi analizi üçün model işlənmişdir. Milli terminoloji informasiya sistemi əsasında nitqin anlaşıqlılıq səviyyəsinin qiymətləndirilməsi üçün riyazi model təklif olunmuşdur.

Dissertasiya işinə dair 5-i beynəlxalq jurnallarda (1-i “Scopus”, 2-si RSCI) olmaqla, ümumilikdə 16 məqalənin, o cümlədən 7-si beynəlxalq konfranslarda (2-si “Web of Science”, “Scopus”) olmaqla 10 konfrans materialının nəşr olunduğunu diqqətə çatdırdı.

Məruzədən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqov və texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev çıxış edərək dissertasiya işinin əhəmiyyətini önə çəkdilər. Əldə olunan elmi yeniliklərin tamamilə orijinal olduğunu, kompleks məsələlərin uğurla həll edildiyini vurğulayaraq iddiaçının “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu söylədilər, eləcə də irad və tövsiyələrini nəzərə çatdırdılar.

Sonra iddiaçı ona ünvanlanan sualları cavablandırdı.

Dissertasiya işinə dair elmi rəhbər – AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim dövlət başçısı İlham Əliyevin dilimizin inkişafı, orijinallığının qorunub saxlanması və nüfuzunun yüksəldilməsinə xüsusi diqqət göstərdiyini, bu sahədə məqsədyönlü siyasət apardığını, bir sıra fərman və sərəncamlar imzaladığını bildirdi. Qeyd etdi ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar və alimlər qarşısına milli terminoloji informasiya sisteminin işlənməsinə dair mühüm vəzifə qoyulmuşdur.

Mövzunun aktuallığı və qarşıya qoyulmuş problemin ölkə üçün əhəmiyyətindən danışan alim rəqəmsal teransformasiya şəraitində elektron dövlətin tərkib hissəsi kimi terminoloji informasiya sisteminin elmi-nəzəri əsasları işlənildiyini, dissertasiya işinin Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, e-dövlət platformasında tətbiqi imkanlarının genişləndirilməsi baxımından böyük aktuallıq kəsb etdiyini söylədi.

Akademik R.Əliquliyev elmi-tədqiqat işində təklif edilən yeni yanaşma əsasında ölkədə ilk dəfə olaraq milli terminoloji informasiya modelinin yaradıldığını qeyd etdi. Dissertasiya işi çərçivəsində terminologiya sahəsində xarici təcrübə və beynəlxalq standartların araşdırılması istiqamətində əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu söylədi, eyni zamanda təklif və tövsiyələrini verdi.

Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova və texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova iddiaçının yerinə yetirdiyi dissertasiya işinin tamamlanmış iş olduğunu bildirdilər, irad və tövsiyələr nəzərə alınmaqla elmi-tədqiqat işinin növbəti mərhələyə təqdim olunmasını tövsiyə etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.