İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti onlayn iclasda institutun Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Dilbər Əlizadə “Elektron kitabxanalarda tövsiyə sistemlərindən istifadə məsələləri” mövzusunda məruzə ilə çıxış edib.
Öncə məruzəçi tövsiyə sisteminin istifadəçinin bir elementə verəcəyi “reytinq” və ya “üstünlük” miqdarını proqnozlaşdırmaq məqsədi daşıyan məlumat filtrləmə sistemi olduğunu qeyd edib. Bildirib ki, bu sistemlər istifadəçilərə məhsulları təklif etmək üçün nəzərdə tutulmuş proqram mühərrikləridir. “Netflix”, “YouTube”, “Tinder” və “Amazon” və s. tövsiyə sistemlərinin istifadə olunduğu platformalardır.
D.Əlizadə nəzərə çatdırıb ki, ilk tövsiyə sistemi Amerikalı alim Elain Rich tərəfindən 1979-cu ildə yaradılmış, 1990-cı ildə isə daha da təkmilləşdirilmişdir. Tövsiyə sistemlərinin istifadəçilərə başqa heç bir yerdə olmayan məlumatları tapmağa kömək etdiyini vurğulayan tədqiqatçı tövsiyə sistemi yaratmaq üçün mərhələləri sadalayıb. Bildirib ki, buraya məlumatların toplanması və hazırlanması, tövsiyə alqoritminin işlənilməsi, modelinin qurulması, inteqrasiya və yerləşdirmə daxildir.
Sonra o, tövsiyə sistemlərinin 3 əsas növünün olduğunu qeyd edib. Bildirib ki, bunlara məzmun əsaslı (content filtering), birgə filtrləmə (collaborative filtering) və hibrid tövsiyə sistemləri aiddir.
D.Əlizadə tövsiyə sistemlərinin müxtəlif informasiya-axtarış sistemlərində, xüsusən də elektron kitabxanalar sahəsində geniş istifadə olunduğunu diqqətə çatdırıb: “Elektron kitabaxanalarda “Eprints” üçün “CORE” , “Dspace” üçün “Quambo”, “OpenAIRE” üçün “Matchbox”, “PubMed” üçün “PURE”, “PubMedReco”, “JabRef” üçün “Mr.Dlib” kimi tövsiyə sistemləri istifadə olunur”.
Sonda şöbə müdiri Mədinə Səidova çıxış edərək məruzə ilə bağlı fikirlərini bölüşüb, elektron kitabxanalarda tövsiyə sistemlərinin istifadəsi ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsi istiqamətində tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.