Education 4.0 atributlarından biri də təhsil sistemində 3D-çap, əlavə reallıq, virtual reallıq, bulud hesablamaları, holoqramlar, multitouch LCD ekranlar, Əşyaların İnterneti, Big Data, biometriya, süni intellekt kimi Industry 4.0 texnologiyalarının geniş istifadə olunmasıdır.
Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində elektron təhsilin formalaşması və intellektuallaşdırılması problemləri üzrə elmi tədqiqatlar aparan struktur bölməsinin növbəti elmi seminarında şöbənin əməkdaşı Rəna Məlikova məlumat verib.
O, “Education 4.0 platformasında Data Mining metodlarının istifadəsi ilə tədris proqramlarının strukturunun təkmilləşdirilməsi” mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, təhsil məlumatlarının təhlili və öyrənmə analitikası çoxlu sayda elmi-tədqiqat işlərində və tətbiqlərdə nəzərdən keçirilmişdir ki, bu da birgə, fərdi, qarışıq, oyun əsaslı öyrənmə və s. kimi yeni nəsil öyrənmə vasitələrinin və təhsil paradiqmalarının yaranmasına səbəb olmuşdur.
Məruzəçinin sözlərinə görə, müasir rəqəmsal təhsil mühitində tələbələr çoxlu sayda tədris materiallarına çıxış əldə edirlər, lakin onlardan lazımi məlumatların seçilməsi və tədris fəaliyyətinin rasional təşkili ilə bağlı ciddi problemlər yaranır. Mövcud sistemlər hələ ki təlim prosesini intellektuallaşdırmaq, təhsil məzmununu tələbələrin fərdi ehtiyaclarına çevik şəkildə uyğunlaşdırmaq imkanlarına malik deyil. Bununla əlaqədar olaraq, təhsil məzmununun strukturlaşdırılması üçün əlverişli intellektual vasitələr işlənib hazırlanmalıdır.
Müasir intellektual təhsil sistemlərinin yaradılması sistemin məqsədinin və istifadə üsullarının müəyyən edilməsi, tədris materiallarının struktur komponentlərinin müəyyənləşdirilməsi, tədris materialının seçilməsi və onun strukturlaşdırılması kimi mərhələləri əhatə edir. Bu məsələnin həlli üçün yığılmış böyükhəcmli tədris materialları dəstindən lazım olan tədris materialını seçmək və onu müvafiq bir fənn və mövzu üzrə strukturlaşdırmaq yollarını müəyyən etmək lazımdır.
Tədqiqatçı bildirib ki, Data Mining “Knowledge Discovery”, yəni böyük həcmdə verilənlərdən məlumatların çıxarılması prosesi kimi tanınır. Hazırda Education Data Mining (EDM) böyük həcmdə verilənlərin elektron formada olması səbəbindən geniş istifadə olunur. Bununla əlaqədar olaraq, belə verilənlərin faydalı məlumat və biliyə çevrilməsinə ehtiyac vardır. EDM metodları qərar qəbulunda faydalı olan gizli məlumatları və əlaqələri aşkar etmək üçün çox böyük həcmdə verilənlərlə işləmək üçün istifadə olunur. Təhsildə Data Mining texnologiyalarından istifadə təhsil prosesinin daha da təkmilləşdirilməsində mühüm rol oynayır.
Data Mining metodları (statistik analiz metodları, texnoloji metodlar və kibernetik metodlar) barədə məlumat verən R.Məlikova onlar vasitəsilə klassifikasiya, reqressiya, klasterizasiya, asosiyasiya, sıralama kimi məsələlərin həll olunduğunu söyləyib.
“Təhsil 4.0-da əsas diqqət imtahanlara deyil, əldə edilmiş biliklərin qiymətləndirilməsinə yönəldilir. Biliyin qiymətləndirilməsi tamamilə dəyişdirilir, əldə edilmiş biliklərin tətbiqi və bacarıqların mənimsənilməsi bir imtahanda deyil, bütün təhsil müddəti ərzində yoxlanılır. Bu, universitet məzunlarının peşə fəaliyyətinə başlayan kimi əldə etdikləri bilikləri təcrübədə tətbiq edə bilmələri üçün vacibdir”, – məruzəçi deyib.
O, mətn məlumatlarının intellektual analizi üçün “Amazon Comprehend”, “Thematic”, “Google Cloud NLP”, “Chattermill”, “Voyant Tools”, “MonkeyLearn”, “WordStat”, “Poly Analyst”, eləcə də verilənlərin intellektual analizi üçün “MathLab”, “RapidMiner”, “Oracle Data Mining” kimi proqram vasitələri ilə bağlı məlumatı diqqətə çatdırıb. Qeyd edib ki, mətn məlumatlarının intellektual analizi üçün proqram vasitələri, adətən, veb-saytlar, e-poçtlar, çatlar, forumlar, mesajlar və rəylər kimi sənədlərdən strukturlaşdırılmamış məlumatları şərh etmək üçün istifadə olunur.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.