Rəqəmsallaşmanın iqtisadiyyatın yaşıllaşdırılmasına təsiri ilə bağlı tədqiqatlar aparılır

23 May 2024 - 11:53 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun rəqəmsal transformasiya, innovasiya və iqtisadiyyatın formalaşması və informasiya təhlükəsizliyi, kiberdayanıqlılıq problemləri üzrə fəaliyyət göstərən şöbələrin “Rəqəmsallaşmanın iqtisadiyyatın yaşıllaşdırılmasına təsiri amilləri və istiqamətləri” mövzusuna həsr olunmuş birgə elmi seminarı keçirilib.

Öncə institutun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev institutun əməkdaşı Xəyalə Əbdülhüseynova ilə həmmüəllif olduqları məruzə haqqında məlumat verib. O, müasir dövrdə rəqəmsal innovasiyaların və texnologiyaların tətbiqinin, yeni ekoloji cəmiyyətdə innovativ əsaslı inkişaf paradiqmalarının, konseptual rəqəmsal baxışların formalaşmasının yaşıl iqtisadiyyatın əsasını təşkil etdiyini bildirib. Ə.Əliyev dünyada və Azərbaycanda rəqəmsallaşma proseslərinin aktivliyindən, həmçinin yaşıllaşdırma problemlərindən bəhs edib.

Sonra çıxış edən X.Əbdülhüseynova rəqəmsal iqtisadiyyatın formalaşmasından bəhs edərək qlobal texnoloji inqilabın rəqəmsal iqtisadiyyatın formalaşmasını zəruri edən əsas amillərdən olduğunu qeyd edib. Bildirib ki, IV Sənaye İnqilabı mövcud iqtisadi çərçivələrin rəqəmsal proseslərlə əvəz olunmasını tələb edir. Elmi əsərlərdə “rəqəmsal iqtisadiyyat” termini “veb iqtisadiyyatı”, “internet iqtisadiyyatı”və s. kimi əvəz olunur.

Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyat iqtisadi fəaliyyətlərin elə bir növüdür ki, o  insanlara, təşkilatlara və fərdlərə tapşırıqları daha operativ, dəqiq və sürətli  yerinə yetirmək imkanı verir. Rəqəmsal iqtisadiyyatın təsir sahələrinə kənd təsərrüfatı, nəqliyyat, səhiyyə, təhsil və s. aiddir.

Sonra məruzəçi rəqəmsal transformasiyaların inkişafının həm müsbət, həm də mənfi xüsusiyyələrinin olduğunu nəzərə çatdırıb. Bildirib ki, biliklərin yenilənməsi, vaxta qənaət, ifrat yoxsulluğun aradan qaldırılması, kənd təsərrüfatının inkişaf etdirilməsi və s. onun müsbət təsirlərinə aiddir. Mənfi xüsusiyyətlərinə işçi qüvvəsinin azalması, məxfilik problemlərinin artması, kibercinayətkarlıq, texnologiyadan ciddi asılılığın yaranması və s. daxildir.

X. Əbdülhüseynova rəqəmsal iqtisadiyyat indeksinin formalaşmasından da öz açıb: “Avropanın və Avropa İttifaqına üzv olan dövlətlərin rəqəmsallaşmasının dinamikasını Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESİ) göstəriciləri vasitəsilə ümumiləşdirmək olar. DESI 4 əsas indeks üzərində qurulur: insan kapitalı, əlaqə, rəqəmsal texnologiyanın inteqrasiyası, rəqəmsal dövlət xidmətləri”.

Daha sonra tədqiqatçı rəqəmsallaşmanın iqtisadiyyatın yaşıllaşdırılmasına təsir amilləri və istiqamətlərindən bəhs edərək dünyada gedən rəqəmsallaşma proseslərinin inkişafı və yaşıl iqtisadiyyat anlayışının ölkələrin iqtisadi tərəqqisində mühüm rola malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, “yaşıl iqtisadiyyat” özündə ekoloji, iqtisadi və sosial problemləri birləşdirməklə yanaşı, onların həlli yollarını da araşdırmağı qarşısına məqsəd qoymuşdur. Yaşıl iqtisadiyyatın əsas məqsədləri məşğulluğun və gəlirin artırılması, karbon emissiyalarının və çirklənmənin azaldılması, enerji və resurslardan səmərəli istifadənin təmin edilməsi, eləcə də  biomüxtəlifliyin və ekosistem xidmətlərinin itirilməsinin qarşısının alınmasıdır.

O, yaşıl iqtisadiyyata keçidlə əlaqədar Azərbaycanda aparılan islahatlar haqqında da məlumat verib. Vurğulayıb ki, Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı əsasən ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid probleminin həllinə yönəlmişdir. Ölkədə “yaşıl” iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məqsədi ətraf mühitin çirklənməsinin qarşısını almaq, azalan təbii ehtiyatlardan səmərəli istifadə etmək, tükənməyən təbii ehtiyatlardan istifadəni genişləndirmək, həmçinin artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaqdır.

Sonda i.e.d. Ə.Əliyev çıxış edərək müasir dövrdə böyük aktuallığa malik elmi problemlərdən biri olan yaşıl iqtisadiyyatla bağlı tədqiqatların aparılmasının olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Həmçinin bu istiqamətdə araşdırmaların daha mütərəqqi rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi aspektində dərinləşdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.

Seminarda mövzu üzrə ətraflı müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.