Akademik Rasim Əliquliyev: “Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafına elmi dəstək verilməlidir”

20 May 2024 - 11:34 | Konfranslar, İclaslar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev İdarəetmə Sistemləri İnstitutunda keçirilən “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü beynəlxalq konfrans”ın açılış mərasimində çıxış edib.

Alim AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin adından beynəlxalq konfransın iştirakçılarını salamlayaraq nəqliyyat problemlərinə həsr olunmuş belə bir unikal tədbirin ardıcıl olaraq yüksək səviyyədə təşkil edilməsinin olduqca təqdirəlayiq və mühüm hadisə olduğunu qeyd edib. Akademik bildirib ki, dünyada gedən proseslər, IV Sənaye İnqilabı, digər tərəfdən, son zamanlar Azərbaycanda geosiyasi nöqteyi-nəzərdən yaranmış reallıqlar nəqliyyat infrastrukturu məsələlərinə akademik səviyyədə yanaşmağı tələb edir. Müasir çağırışlar və konfransda ortaya çıxan ideyalar əsas götürülərək nəqliyyat infrastrukturunun inkişafı, yolların keyfiyyətinin yüksəldilməsi və idarə olunması ilə bağlı təkliflərin işlənib hazırlanması, müvafiq dövlət qurumlarına təqdim olunması məqsədəuyğundur.

Akademik bildirib ki, bu gün Azərbaycan dövlətinin maraqları təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub istiqamətində olan nəqliyyət dəhlizlərinin aktiv olmasını, inkişaf etdirilməsini tələb edir. Bu, Azərbaycanın geosiyasi təhlükəsizliyinin təmin olunması və iqtisadiyyatının inkişaf etdirilməsi baxımından çox aktual məsələdir.

Hazırda qlobal texnoloji çağırışlar və rəqəmsal transformasiyalar kontekstində nəqliyyat sahəsində ciddi inqilabi dəyişikliklərin baş verdiyini söyləyən alim ölkəmizdə də bu sahədə dövlətin apardığı siyasətə elmi dəstək göstərilməsinin vacib olduğunu vurğulayıb: “Süni intellektin gətirdiyi reallıqlar nəzərə alınmaqla yol-nəqliyyat infrastrukturunun texnoloji, iqtisadi, ekoloji və s. problemləri üzrə sistemli şəkildə, multidissiplinar tədqiqatlar aparılmalı, elmi araşdırmalar koordinasiya olunmalıdır. Bu məqsədlə maraqlı tərəflərin iştirakı ilə nəqliyyat problemlərinə həsr olunmuş seminarların, dəyirmi masaların təşkil edilməsi, elmi müzakirələrin aparılması böyük önəm daşıyır”.

Alim həmçinin müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin dəstəyi ilə nəqliyyat problemləri üzrə elmi-innovativ mərkəzin yaradılmasının vacib olduğunu söyləyib.

Rasim Əliquliyev dövlətimizin texnoloji inkişaf siyasətinin əsasında rəqəmsal və yaşıl transformasiyaların vəhdətinin dayandığını vurğulayıb, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, böyük əhəmiyyətə malik olan bu qərarın ölkəmizdə müvafiq dövlət qurumları, həmçinin elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyduğunu bildirib.

Akademikin fikrincə, cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir. Azərbaycanın dünya üzrə ən böyük və mühüm dövlətlərarası tədbirlərdən biri olan COP 29-a ev sahibliyi etməsi həm də dövlət başçısının apardığı siyasətin bütün dünyada dəstəkləndiyini göstərir. “Ölkəmizin “yaşıl” Azərbaycana çevrilməsi istiqamətində ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin, eləcə də COP 29 çərçivəsində kompleks tədbirlərin həyata keçirilməsi üçün alim və mütəxəssislərin elmi potensialı səfərbər edilməlidir”, – deyə AMEA-nın vitse-prezidenti bildirib.

Akademik Rasim Əliquliyev “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP 29 çərçivəsində yol-nəqliyyat infrastrukturunun yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasının müvafiq dövlət qurumlarının qarşısında duran başlıca öhdəliklərdən olduğunu qeyd edib.

Sonra alim ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən işlərdən, xüsusilə də, Qarabağda aparılan yenidənqurma layihələrindən söz açıb. Bildirib ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda müasir tələblərə uyğun yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturunun qurulması prioritet istiqamətlərdəndir və bununla bağlı layihələrin icrası intensiv şəkildə davam etdirilir.

AMEA-nın vitse-prezidenti nəqliyyat infrastrukturu ilə bağlı problemləri Azərbaycan cəmiyyəti, eləcə də beynəlxalq ictimaiyyət qarşısında aktuallaşdırdıqlarına görə təşkilatçılara minnətdarlığını bildirib, alim və mütəxəssisləri müvafiq istiqamətdə əməkdaşlığa çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.