İnstitutun əməkdaşları Moskvada keçirilən beynəlxalq konfransda çıxış ediblər

08 May 2024 - 14:15 | Konfranslar, İclaslar
İnstitutun əməkdaşları Moskvada keçirilən beynəlxalq konfransda çıxış ediblər

25-26 aprel tarixlərində Razumovski adına Moskva Dövlət Texnologiya və İdarəetmə Universitetində “Qlobal dəyişikliklər kontekstində iqtisadi və sosial inkişafın həlledici amilləri” II beynəlxalq elmi-praktiki konfransı keçirilib. Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – böyük elmi işçilər Mərziyə İsmayılovaAybəniz Əliyeva məruzə ediblər.

M.İsmayılova konfransın plenar iclasında “İntellektual potensialın ölcülməsi üçün bəzi üsullar” mövzusunda çıxış edib.  Qeyd edib ki, qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə cəmiyyətin intellektual potensialı sosial, iqtisadi və innovativ tərəqqinin amillərindən birinə çevrilmişdir. Sosial-iqtisadi inkişafın təmin edilməsi daha çox elm və təhsilin inkişafından, yeni elmi biliklərə, texnika və texnologiyalara yiyələnmə səviyyəsindən asılıdır.  Məruzəçi ali təhsil və elmi-tədqiqat müəssisələrinin intellektual potensialının qiymətləndirilməsi üçün mövcud metodoloji yanaşmaları müqayisəli şəkildə təhlil edib. O, həmçinin çıxışı zamanı Azərbaycanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin intellektual potensialını qiymətləndirməyə imkan verən göstəricilərdən bəhs edib.

A.Əliyeva isə plenar iclasda “İntellektual insan resurslarının miqrasiya axınının proqnozlaşdırılması ilə bağlı yanaşmaların tədqiqi” mövzusunda çıxış edib.  Məruzəçi intellektual insan resurslarının miqrasiya proseslərinin modelləşdirilməsi üçün istifadə olunan metodlar, onların üstünlükləri və çatışmazlıqları haqqında danışıb. Qeyd edib ki, imitasiya modelləşməsi və maşın təlimi (neyron şəbəkələr) metodlarından istifadə etməklə reallığa yaxın yüksək keyfiyyətli proqnoz verən modellər yaratmaq olar. Bu modellərin nəticələri miqrasiya proseslərinin gələcək tədqiqatlarında və dövlətin miqrasiya siyasətinin formalaşmasında mühüm rol oynaya bilər.

Konfransda həmçinin “İnsan kapitalı: rəqəmsal iqtisadiyyatda formalaşma, istifadə və qiymətləndirmə xüsusiyyətləri”, “Müasir qlobal dəyişikliklər kontekstində regional inkişafın strateji istiqamətləri və prioritetləri”, “Cəmiyyətin və iqtisadiyyatın rəqəmsal transformasiyası: vəziyyət və inkişaf perspektivləri”, “Yeni iqtisadi və sosial reallıq şəraitində müəssisələrin, sahələrin və milli iqtisadiyyatın davamlı inkişafının həlledici amilləri”, “Dövrümüzün qlobal çağırışları və onların cəmiyyətə və iqtisadiyyata təsiri” və s. mövzularda məruzələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.