İnformasiya Texnologiyaları İnstitutunun Big Data analitikası və Data Mining problemləri, eləcə də e-elmin formalaşması və elmmetriya problemləri üzrə fəaliyyət göstərən şöbələrin “E-dövlətdə xidmət keyfiyyətinin qiymətləndirilməsi üçün təklif olunan metodun eksperimental yoxlanılması” mövzusuna həsr olunmuş növbəti birgə seminarı keçirilib.
Məruzəni təqdim edən institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Günay İskəndərli tədqiqat işində təklif olunan metodun e-dövlət xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsinin müəyyən olunması və dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mərhələlərindən ibarət olduğunu bildirib.
G.İskəndərli ilk mərhələ üzrə görülmüş işlər haqqında məlumat verərək, bu məqsədlə şərhlərin toplandığını, onların ilkin emalının həyata keçirildiyini və sentiment analizinin aparıldığını, o cümlədən vətəndaşların hər bir dövlət orqanından məmnunluq səviyyəsinin təyininin həyata keçirildiyini deyib. Məruzəçinin sözlərinə görə, hər bir dövlət orqanının təqdim etdiyi xidmətlərin pozitiv və neqativ çəkisindən istifadə etməklə, vətəndaşların dövlət orqanlarından məmnunluq səviyyəsi müəyyən olunur.
O, qeyd edib ki, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün aparılmış eksperiment zamanı sözlər arasında yaxınlığın təyini həyata keçirilmiş, müxtəlif siniflər üzrə şərhlərin və illər üzrə şərhlərin sayı, illər üzrə neqativ və pozitiv çəki əmsalı, o cümlədən illər üzrə ilk 10 söz müəyyən edilmişdir.
Məruzə ilə bağlı müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb. Aparılmış eksperimentlərin nəticələri yüksək qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.