Bakıda “Project Experience Day 2024” tədbiri keçirilib

29 Aprel 2024 - 12:19 | Konfranslar, İclaslar

Aprelin 27-də Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasının təşkilatçılığı, “Proes” şirkətinin baş tərəfdaşlığı ilə “Project Experience Day 2024” tədbiri keçirilib.

Peşəkar layihə menecerlərini bir araya gətirən tədbirin keçirilməsində əsas məqsəd layihələrin idarə edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, yeni yanaşma tətbiqlərinin nümayiş etdirilməsi və gələcəkdə optimal strategiyaların qurulması istiqamətində əhəmiyyətli məlumatların əldə edilməsindən ibarət olub.

Tədbirin açılış mərasimində çıxış edən Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasının prezidenti, texnika elmləri doktoru, professor İqbal Babayev dünyada, eləcə də ölkəmizdə layihə menecmenti ilə bağlı yeniliklər və əldə edilən uğurlar barədə məlumat verib. Prof. İ.Babayev bildirib ki, bu kimi mötəbər tədbirlərin davamlı olaraq keçirilməsi bu sahədə yeni fəaliyyətə başlayan mütəxəssislər üçün müsbət təcrübədir. O, rəhbərlik etdiyi assosiasiyanın bu istiqamətdə hər zaman gənclərə dəstək olduğunu da vurğulayıb.

Daha sonra tədbirin baş tərəfdaşı “Proes” şirkətinin təsisçisi və rəhbəri Samir Bəşirov çıxış edərək, layihələrin idarə edilməsi ilə bağlı fikirlərini bölüşüb. S.Bəşirov bu sahədə kadr hazırlığının önəminə toxunub. Qeyd edib ki, peşəkar komanda ilə çalışan “Proes” şirkəti üstün nəticələr əldə etmək üçün layihələrin idarə edilməsi istiqamətində ən son texnologiyalardan və müasir standartlarlardan istifadə edir.

Açılış mərasimində həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin sektor müdiri Türkan Vüsət, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi işlər üzrə prorektoru Fariz Əhmədov, İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və TƏBİB-in icraçı direktor müavini Araz Nəsirov, ADA universitetinin professoru Ceyhun Məmmədbəyli çıxış edərək layihələrin idarə edilməsi sahəsində ölkəmizdə atılan addımlardan, görülən əhəmiyyətli tədbirlərdən danışıblar.

Tədbir öz işini “Layihələrin idarə edilməsində müasir yanaşmalar” və “Layihələrin idarə edilməsində beynəlxalq standartlar” mövzuları üzrə panel iclaslarla davam etdirib.

Tədbir çərçivəsində iştirakçılar ölkənin ən aparıcı şirkətlərinin peşəkar layihə menecerlərinin təcrübələrini dinləyiblər, işgüzar əlaqələr qurmaq imkanı, həmçinin beynəlxalq sertifikasiya sistemi haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyası 25 ildir ki, “International Project Management Association” təşkilatının milli tərəfdaşıdır və layihə menecmenti üzrə beynəlxalq sertifikasiyanı həyata keçirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.