İnternet mühitdən heterogen istifadə siyasətinin təmin olunmasının kibertəhlükəsizlik aspektləri tədqiq olunur

19 Aprel 2024 - 11:12 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin “İnternet mühitdən heterogen istifadə siyasətinin təmin olunmasının kibertəhlükəsizlik aspektləri haqqında” mövzusuna həsr olunmuş seminarı keçirilib.

İnstitutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və böyük elmi işçi Könül Daşdəmirovanın həmmüəllifi olduqları tədqiqat işini K.Daşdəmirova təqdim edib. K.Daşdəmirova müasir dövrdə Dördüncü Sənaye İnqilabı, Əşyaların İnterneti texnologiyaların və mobil şəbəkələrin geniş yayılması, sosial şəbəkələrin inkişafı, internetin məlumat mübadiləsi üçün bütün klassik vasitələrin tammiqyaslı əvəzedicisinə çevrilməsinin internet istifadəçilərinin sayının sürətlə artmasına səbəb olduğunu bildirib.

“İnformasiya resurslarının çoxluğu və müxtəlif məqsədlər üçün istifadə olunması internetin təbəqələşməsi və yalnız bir qrup insan üçün əlçatan olan müxtəlif qapalı və ya gizli virtual şəbəkələrin formalaşmasına səbəb olmuşdur”, - deyə məruzəçi qeyd edib. Onun sözlərinə görə, belə şəraitdə sadə istifadəçilərlə yanaşı, bədniyyətlilər, terrorçular və onların havadarları da müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək bütün şəbəkə laylarında müxtəlif məqsədlər üçün fərdin, cəmiyyətin və dövlətin maraqlarına təsir göstərən kibertəhlükələr formalaşdırırlar.

Hazırda interneti təşkil edən təbəqələrin ümumi olaraq indeksləşmiş (surface), dərin və qaranlıq internet təbəqələrinə bölündüyünü diqqətə çatdıran məruzəçi ilk olaraq “Surface İnternet” haqqında məlumat verib.  Bildirib ki, “Surface İnternet” adi internet istifadəçilərinin informasiya əldə etmək üçün daxil ola biləcəyi sahədir: “Surface İnternet”də olan veb-saytlar axtarış sorğusu vasitəsilə sərbəst tapıla bilir və standart axtarış sistemləri tərəfindən indeksləşir. Lakin əldə edilən nəticələr internetin yalnız 4 faizini təşkil edə bilir, nəticələrin əksəriyyəti isə gizlidir.

Məruzəçi həmçinin “Dərin İnternet”in internetin 90 faizini təşkil etdiyini vurğulayaraq, burada mövcud olan 75.000 terabayt məlumatın standart axtarış sistemləri tərəfindən indeksləşdirilmədiyini bildirib. Əlavə edib ki, “Dərin İnternet”də digər hiperlinklərlə əlaqələndirilməyən veb-səhifələr, yalnız qeydiyyatdan keçmiş istifadəçilər üçün əlçatan olan saytlar mövcuddur. K.Daşdəmirova onlayn bankçılıq xidmətləri daxil olmaqla, parol və ya pullu girişlə qorunan veb-saytlar, e-poçt hesabları, sosial media hesabları, elmi və akademik verilənlər bazaları, hüquqi sənədlər və s.nin “Dərin İnternet”in bir hissəsi hesab olunduğunu qeyd edib.

“Dərin İnternet”in qəsdən gizlədilmiş, standart veb-brauzerlər vasitəsilə əlçatmaz olan, istifadəçilərin xüsusi proqram təminatı vasitəsilə daxil olduqları, eləcə də gizli informasiya resurslarının yerləşdiyi “Qaranlıq İnternet” adlı hissəsinin də mövcud olduğunu söyləyən K.Daşdəmirova bildirib ki, araşdırmalara əsasən, hazırda “Qaranlıq İnternet”dən 50.000-ə qədər ekstremist qrup istifadə edir.

Məruzəçi dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ, Almaniya, İtaliya, Azərbaycanda qəbul edilmiş kibertəhlükəsizlik strategiyaları barədə məlumat verib. O, qeyd edib ki, hazırda ayrı-ayrı şəbəkə laylarında kibertəhlükəsizliyin təmin olunması üçün müxtlif tədbirlər görülsə də, bütün laylar üzrə vahid istifadə siyasəti mövcud deyil. K.Daşdəmirova internetin bütün laylarının dərin araşdırılması və öyrənilməsi, şəbəkə laylarında fərdin, cəmiyyətin, dövlətin maraqlarına təsir göstərən mövcud təhdidlərin aşkarlaması, qiymətləndirilməsi və onların aradan qaldırılması üçün tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Məruzəçi çıxışının sonunda tədqiqatın növbəti mərhələsində mövcud olan beynəlxalq təcrübəyə əsaslanan bütün şəbəkə laylarını əhatə edən vahid istifadə siyasətinin formalaşdırılması məsələsinə baxılacağını da qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.