Jurnalların Nəşr Etikası Komitəsinə üzvlüyü məsələlərinə dair müzakirələr aparılıb

15 Aprel 2024 - 11:36 | Konfranslar, İclaslar

Böyük Britaniyada tibbi jurnal redaktorlarının kiçik bir qrupu tərəfindən təsis edilmiş Nəşr Etikası Komitəsi (Committee on Publication Ethics, COPE) elmi nəşriyyat etikasında ən müsbət təcrübələri müəyyən edir, redaktorlara və nəşriyyatçılara buna nail olmaqda dəstək göstərir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin “Nəşr Etikası Komitəsi (COPE): mahiyyəti, üzvlük qaydaları” mövzusunda keçirilən növbəti elmi seminarında institutun əməkdaşı Dilbər Əlizadə məlumat verib. O, bildirib ki, 2022-ci ilə qədər bütün akademik sahələrdən dünya üzrə 13 mindən çox üzvü olan Nəşr Etikası Komitəsinə fərdi jurnal, nəşriyyat, fərdi üzv və ya korporativ kimi üzv olmaq mümkündür.

“Redaktorları, naşirləri və nəşr etikası ilə məşğul olanları bir araya gətirən COPE həmçinin öz üzvlərinə fərdi işləri müzakirə etmək üçün bir platforma kimi fəaliyyət göstərir”, - deyə məruzəçi əlavə edib. 

D.Əlizadənin sözlərinə  görə, Nəşr Etikası Komitəsi öz təlimatlarına uyğunluğu qiymətləndirmək üçün üzvlər üçün audit aləti yaradıb. Komitə tərəfindən aylıq xəbər bülleteni nəşr edilir və illik seminarlar təşkil olunur.

O, komitəyə üzvlük qaydalarını izah edib, bu istiqamətdə əsas təcrübələrdən danışıb. Nəşr Etikası Komitəsinə üzv təşkilatların seminar forum və vebinarlarda iştirakının nəzərdə tutulduğunu deyən məruzəçi bildirib ki, komitəyə üzv olmaq üçün jurnalın redaksiyası bir sıra əsas fəaliyyət istiqamətinə uyğun qurulmalıdır: “Bu istiqamətlərə müəlliflər və rəyçilər üçün təlimatlar, etik problemləri müəyyən etməyə kömək edəcək proseslərin inkişaf etdirilməsi, müəlliflər, rəyçilər və redaktorlar tərəfindən edilən etik pozuntulara tez reaksiya verilməsi aiddir.

Çıxışının sonunda D.Əlizadə qeyd edib ki, Nəşr Etikası Komitəsi şəffaflıq prinsiplərini həyata keçirmək üçün DOAJ, OASPA, WAME kimi təşkilatlarla əməkdaşlıq edir.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.