Akademik Rasim Əliquliyev: “Dövlətimizin texnoloji inkişaf siyasətinin əsasında rəqəmsal transformasiyalar və yaşıl transformasiyaların vəhdəti dayanır“

04 Aprel 2024 - 15:44 | Müsahibələr, çıxışlar

Son zamanlar Cənab Prezidentin IV sənaye inqilabı ilə bağlı çağırışlarına uyğun olaraq, bu inqilabın gətirdiyi yeni texnologiyalar, o cümlədən “ağıllı” şəhər, “ağıllı” kənd, “ağıllı” infrastruktur, süni intellekt, Əşyaların İnterneti, Big Data, yaşıl texnologiyaların tətbiqi və inkişaf etdirilməsi sahəsində ölkəmizdə mühüm işlər həyata keçirilir”  Akademik Rasim Əliquliyev 

AMEA-nın vitse-prezidenti, AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev 1001info.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik: 

Kəmalə Mirzəyeva: – Rasim müəllim, 21-ci əsr informasiya-kommunikasiya texnologiyaları əsridir. Müasir texnologiyalar, demək olar həyatımızın bütün sahələrinə sirayət edib. İnformasiya texnologiyaları sahəsində aparıcı elmi təşkilat kimi Sizin institutun üzərinə düşən əsas missiya nədir?

Akademik Rasim Əliquliyev:  Bəli, artıq bütün dünyada informasiya texnologiyaları geniş tətbiq olunur. Bu texnologiyalar cəmiyyətin simasını dəyişir, bir çox məsələlərə yenidən baxmağı tələb edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu proses gedir. Ölkəmizdə də bununla bağlı çox mühüm işlər həyata keçirilir. Həm dövlət səviyyəsində, həm özəl sektorda, həm də insanların şəxsi həyatında informasiya kommunikasiya texnologiyaları geniş tətbiq olunur. 

Əlbəttə, bu proseslər yenidir, çoxlu problemlər yaradır. Bu problemlərin mənbəyinə toxunmadan deyə bilərəm ki, bunun bir qismi elmlə bağlıdır, onları araşdırmaq lazımdır. Ölkədə gedən bu proseslərə elmi dəstək vermək, dövlətin bu sahədə apardığı siyasətdə yaxından iştirak etmək lazımdır. Bununla bağlı, bilirsiniz ki, dövlət başçımız tərəfindən ardıcıl, sistemli, şəkildə bir çox müxtəlif istiqamətli dövlət strategiyaları, dövlət  proqramları qəbul olunur və əlbəttə,  bunların da arasında bir sıra  elmi tutumlu məsələlər vardır. Elmi qurumlarla yanaşı, ali təhsil müəssisələri də bu işdə fəal iştirak edir.

İnstitutumuzun əsas məqsədi ölkəmizdə bu istiqamətdə həyata keçirilən rəqəmsal transformasiya proseslərinə dəstək verməkdir. Digər tərəfdən, elmi müəssisə kimi vəzifəmiz, əlbəttə, dünyada gedən proseslərdən geri qalmamaq, yeni texnologiyalar, metodlar, modellər işləmək, yeni proqram məhsulları yaratmaq, bu elmə töhfə verməkdir. Bilirsiniz ki, dünyanın aparıcı ölkələrində qabaqcıl texnologiyalar çox yüksək sürətlə inkişaf edir. Onları izləmək, dərk etmək, araşdırmaq və ölkəmizə transfer etmək, populyarlaşdırmaq, müxtəlif dövlət qurumlarının istifadəsinə təqdim etmək bizim vəzifəmizdir. Həmçinin insanları texnoloji yeniliklər və onlardan istifadə haqqında maarifləndirmək istiqamətində müəyyən işlərin görülməsi də bizim vəzifələrimiz sırasındadır.

İnformasiya Texnologiyaları İnstututu artıq 50 ildən çoxdur ki, bu sahədə geniş fəaliyyət göstərir, daima müvafiq sahədə elmi-nəzəri problemlərin araşdırılması, eyni zamanda, informasiya cəmiyyətinin formalaşdırılması problemləri ilə məşğul olur. Yeni texnologiyaların tətbiqi bəzi sosio-texnoloji məsələlərin həllini tələb edir ki, biz də bu istiqamətdə öz töhfəmizi veririk. Burada mən elektron dövlətin formalaşması, onun elmi-nəzəri əsaslarının araşdırılması, elektron elm, elektron təhsil və bu kimi digər sosio-texnoloji infrastrukturların elmi əsaslarla işlənməsi, konsepsiyaların hazırlanması və bütün bu qabaqcıl biliklərin müvafiq dövlət orqanlarına ötürülməsini nəzərdə tuturam.

Digər tərəfdən, bütün bu vəzifələrin mərkəzində yüksək keyfiyyətli insan resurlarının yetişdirilməsi dayanır. Ona görə də imkanlarımız daxilində biz yüksək səviyyəli, yüksək keyfiyyətli kadrların hazırlanması istiqamətində müəyyən işlər görürük. Fəlsəfə və elmlər doktorları yetişdiririk, magistrların hazırlanmasına bilavasitə dəstək veririk. Çünki qeyd etdiyim  problemlərin araşdırılmasının aparıcı qüvvəsi məhz elmi kadrlardır. Onların, xüsusən də, gənclərin bu işə cəlb olunması, onlara müəyyən qədər hamilik edilməsi, onlara dəstək verilməsi institutun fəaliyyətinin bir hissəsidir.

Kəmalə Mirzəyeva:  Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişaf edən ölkələr arasında hansı yerdədir?

Akademik Rasim Əliquliyev:  Azərbaycan bu sahədə dünyada layiqli mövqe tutur. Ölkəmizdə informasiya - kommunikasiya texnologiyalarının əsası, bütün dünyada olduğu kimi, ötən əsrin 50-60-cı illərində qoyulubdur. Hələ Sovetlər dövründə bizim respublikada bu sahədə müəyyən işlər görülmüş, nailiyyətlər əldə edilmişdir. Amma Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət siyasəti əsasında informasiya -kommunikasiya texnologiyalarını sistemli şəkildə, milli strategiyalar, dövlət proqramları çərçivəsində inkişaf etdirməyə başladı. Bu istiqamətdə dövlət siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdu və Cənab Prezident tərəfindən həmin siyasət uğurla davam etdirilir.

Məlum olduğu kimi, informasiya- kommunikasiya texnologiyaları ölkənin inkişaf prosesində aparıcı rol oynayır. Yəni bütün dövlət qurumlarının fəaliyyətində, insanların şəxsi həyatında, iqtisadi proseslərdə, sosial həyatımızda informasiya -kommunikasiya texnologiyalarının mühüm əhəmiyyətə malik olduğunu görürük.

Son zamanlar Cənab Prezidentin IV sənaye inqilabı ilə bağlı çağırışlarına uyğun olaraq, bu inqilabın gətirdiyi yeni texnologiyalar, o cümlədən “ağıllı” şəhər, “ağıllı” kənd, “ağıllı” infrastruktur, süni intellekt, Əşyaların İnterneti, Big Data, yaşıl texnologiyaların tətbiqi və inkişaf etdirilməsi sahəsində ölkəmizdə mühüm işlər həyata keçirilir. Bütün bunlar Azərbaycanın müdafiə qüdrətinin artırılması və sosial-iqtisadi inkişafına xidmət edir. Ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlər dünyanın müxtəlif reytinq cədvəllərində öz əksini tapır.

Azərbaycan  kibertəhlükəsizliyin təmin olunması, elektron dövlətin inkişafı sahələrində çox böyük uğurlar əldə etməkdədir. O cümlədən “ASAN xidmət” , “DOST xidməti” kimi elketron dövlət xidmətləri dünyada innovativ  Azərbaycan brendi kimi tanınmaqdadır. Azərbaycanın bu elektron xidmətlərlə bağlı əldə etdiyi uğurlar artıq dünyanın ayrı-ayrı ölkələrində qabaqcıl təcrübə kimi qəbul olunur.

Buna görə də Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, xüsusən də, onun yüksək fazası olan süni intellekt texnologiyalarının ölkəmizdə tətbiqi ilə bağlı artıq Cənab Prezident tərəfindən çox mühüm qərarlar qəbul edilib, ayrı-ayrı qurumların qarşısında bununla bağlı konkret vəzifələr qoyulub.

Bilirsiniz ki, qlobal iqlim dəyişikliyi dünya qarşısında duran böyük problemlərdən biridir.  Azərbaycan da bu problemlərlə mübarizə istiqamətdə öz töhfəsini verməkdədir. Bu problemlərlə bağlı qlobal çağırışlara uyğun olaraq ölkəmizdə yaşıl enerji, yaşıl texnologiya, yaşıl iqtisadiyyat, yaşıl təfəkkür sürətlə inkişaf edir, yəni hər şey “yaşıllaşır”. Bu, həm görünən, həm də görünməyən yaşıllıq deməkdir. Görünən yaşıllıq - təbiətin yaşıllığıdır. Görünməyən, amma mahiyyətinə görə yaşıl olan ideyalar – təbiətə vurulan ziyanı minimuma endirən informasiya- kommunikasiya texnologiyaları, yaşıl enerji və s.-dir.

Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasətin məntiqi nəticəsidir ki, 2024-cü il Cənab Prezident tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” kimi qəbul olundu. Bu, çox böyük əhəmiyyətə malik bir qərar idi. Bunu bizim də təmsil olunduğumuz elmi ictimaiyyət çox yüksək qiymətləndirir. Cənab Prezidentin bu siyasətinə uyğun olaraq ölkəmizdəki  bütün dövlət qurumları artıq müəyyən vəzifələri həyata keçirirlər. Yəni enerjinin özünün mahiyyəti dəyişib - artıq ölkəmizdə enerji təhlükəsizliyi  enerji infrastrukturunun yaşıl, yəni alternativ enerji mənbələri, yəni külək enerjisi, günəş enerjisi və təbiətə ziyan vurmayan digər mənbələrdən alınan  enerjilər əsasında təmin edilir. 

Azərbaycanda, eyni zamanda, kosmik sənaye formalaşıb ki, bu da ölkəmizdə informasiya- kommunikasiya texnologiyalarının inkişafına xidmət edir.

Ümumiyyətlə,  Azərbaycanda informasiya- kommunikasiya texnologiyaları sahəsində son 20 il ərzində əldə etdiyi nəticələr  çox ürəkaçandır.

Dövlətimizin texnoloji inkişaf siyasətinin əsasında rəqəmsal transformasiyalar və yaşıl transformasiyaların vəhdəti dayanır. Ölkəmizdə yaşıl transformasiyalar istiqamətində aparılan kompleks tədbirlər həm də  təfəkkürdə yaşıl inqilabın baş verməsi - yaşıl texnologiyaların insanların şəxsi həyatına əmək fəaliyyətinə nüfuz etməsi üçün böyük imkanlar yaradır.

Kəmalə Mirzəyeva:  Süni intellekt texnologiyalarının yaradıcısı insandır. Bəs bu cür texnologiyalar, o cümlədən robotlar gələcəkdə hansısa problemlər yarada bilərmi? Cəmiyyətə hər hansı bir təhlükə gözlənilirmi?

Akademik Rasim Əliquliyev:  Süni intellekt təbii intellektin yaratdığı texnoloji reallıqdır.Yəni insana aid olan bir sıra funksiyaları -qərar qəbul etməni, qavramağı, tanımağı, seçməyi, düşünməyi, özünü inkişaf etdirməyi və digər funksiyaları süni intellekt öz üzərinə götürür. Hələlik süni intellekt insanın nəzarəti altındadır. Amma son zamanlar süni intellektin  öz-özünə öyrənmə qabiliyyəti əldə etməsi, eyni zamanda, bu qabiliyyətini özünün əsaslandığı texnoloji platforma onun üçün fenomenal imkanlar yaradır. Artıq insanın yaratdığı bu texnologiyalar insanın özü ilə rəqabətə girməyə başlayır.

Bu mənada süni intellekt texnologiyaları  həm cəmiyyətin özünün dayaqlarına, həm də insanların şəxsi həyatına, onların şərəfinə, ləyaqətinə, stabilliyinə qarşı çox müxtəlif təhlükələr yarada bilər.  Bu təhlükəsizlik “kibertəhlükə” termini ilə ifadə olunur və fərdlərdən başlayaraq dövlət təhlükəsizliyini, cəmiyyətin təhlükəsizliyini, iqtisadi təhlükəsizliyi hərbi təhlükəsizliyi və s. əhatə edir. 

Kəmalə Mirzəyeva: Süni intellektin imkanları elə bir həddə çata bilər ki, təbii intellekt onun qarşısında aciz qalsın?

Akademik Rasim Əliquliyev:  Bəli, belə narahatlıqlar var. Təsadüfi deyil ki, bu sahədə inkişaf etmiş ölkələr böyük narahatlıq keçirirlər. Dünyanın əksər ölkələri süni intellekt texnologiyalarnın idarə olunması, onun istehsalı, istismarı, məsuliyyəti ilə bağlı qanunlar qəbul edirlər. Süni intellekt artıq ayrı-ayrı fərdlərlə yanaşı, ümumən, cəmiyyətə, dövlətlərə, bəşəriyyətə böyük təhlükələr yaradır. Bu, artıq göz qabağındadır və süni intellektə əsaslanan bir sıra bədniyyətli proqramlar artıq real olaraq konkret ziyanlar vurur, su elektrik stansiyalarını, atom elektrik stansiyaları kimi krtitik obyektləri sıradan çıxardır.

Artıq süni intellektə əsaslanaraq bəzi bədniyyətli insanlar, bədniyyətli ölkələr başqalarına ziyan vururlar və cəmiyyət bundan çox narahatlıq keçirir. Bunun da qarşısısının alınması üçün kompleks tədbirlər həyata keçirmək lazımdır. Çünki bu, çox böyük fəsadlar yarada bilər.

Hazırda süni intellekt texnologiyaları yalnız onlara tapşırırılan işləri görür. Lakin gələcəkdə süni intellekt böyük imkanlara malik olarsa, ona tapşırılanlardan, öyrədilənlərdən əlavə funksiyalar öyrənərsə, təhlükəli vəziyyət yaranar. Artıq o, insanın tapşırdıqlarından başqa işlər görəcək və get-gedə daha da ağıllanacaq ki, bu da daha böyük təhlükə deməkdir. Süni intellekt daha da ağıllandıqca təbii intellektin üzərində dominantlıq etməyə başlayacaq. 

Kəmalə Mirzəyeva:  “Hazırda dünya alimlərinin qarşısında duran əsas vəzifələrdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır... “İnsan Beyni Layihəsi” nədir?

Akademik Rasim Əliquliyev:  Birincisi, suni intellekt, qeyd etdiyim kimi, təbii intellektin davamıdır. Süni intellektin özü yarandığı gündən insana özünün funksiyalarını bərpa etmək üçün əlavə imkanlar yaradır. İnsanın missiyası odur ki, həm özünün varlığını təmin etsin, həm maddi imkanlar qazansın, həm cəmiyyətdə adekvat olsun, həm də mənsub olduğu cəmiyyətin özünün təhlükəsizliyini təmin etsin. İnsan özünün hesablama imkanlarını artırmaq üçün kalkulyator, yaxşı görə bilməsi üçün eynək kəşf edib. 

İnsan hansısa böyük məlumatları analiz edib qərarlar qəbul edir. Amma insanın özünün də yaddaşı məhduddur, beynin “prosessorunun” gücü də arzuolunan səviyyədə deyil. Ona görə də insanın beyin funksiyalarını daha yaxşı həyata keçirə bilən “rəqəmsal beyin” modelinin yaradılması ideyası ortaya çıxıb.

Hazırda Avropa Birliyi tərəfindən qəbul edilən və maliyyələşdirilən “Rəqəmsal beyin” layihəsi mövcuddur. Bu yaxınlarda dünyanın bir çox alimlərinin - riyaziyyatçı, filosof, psixoloq, bioloq və nevrofizioloqunun iştirakı ilə keçirilən “Rəqəmsal beyin” layihəsi forumunda mən də iştirak etmişəm. O sahədə çalışan ayrı-ayrı elmi müəssisələr də, alimlər də, ilk baxışda, fantastik görünən bu məsələlər barəsində hesabat verir, məruzə edirdilər.

“Rəqəmsal beyin” yaratmaq üçün, ilk növbədə, insanın beynini araşdırmaq, onun xüsusiyyətlərini öyrənmək lazımdır. Bu istiqamətdə alimlər uzun illərdir məşğul olurlar. Onlar bu suallara cavab tapmağa çalışırlar: İnsan necə görür? Necə düşünür? Necə qərar qəbul edir? Necə danışır?  Müdrüklük nə deməkdir? Qeyri-müdriklik nə deməkdir?  70-80 milyard neyron arasında münasibət necədir? Dahilərin beyin strukturu necədir? Bax, belə məsələlər qoyulur və çox-çox ciddi nailiyyətlər əldə edilir. Yəni, beynin özü çox funksiyalar həyata keçirən bioloji strukturdur.

Bilirsiniz ki, çoxlu sayda xəstəliklər var. Düzdür, tibb inkişaf edir, müəyyən müalicələr aparılır. Amma beyinlə bağlı xəstəliklərin çoxuna əlac tapa bilmirlər. Çünki beynin sirlərini tam anlamaq lazımdır. Məsələn, bir qrup insanın görmə problem var. Amma görmək tək gözün problemi deyil, beyində gözün funksiyasını həyata keçirən bir hissə var. O hissənin üstündə hansısa bir zədədən qüsur yarana bilər.  Onu necə bərpa etmək olar? Bax bunu araşdırırlar ki, həmin o qüsuru tapsınlar, beyinə yerləşdirilə biləcək xüsusi çiplər vasitəsilə o funksiyanı bərpa etsinlər.

Yaxud, kimsənin anadangəlmə və ya hansısa səbəbdən nitq qüsuru var. O, anadangəlmə və ya genetik qüsurdur. Onun özünü necə bərpa etmək lazımdır? Ənənəvi müalicə üsulu ilə bərpa etmək əksər hallarda mümkün olmur. Bunlar hamısı beyinə bağlı məsələlərdir. Beyində gedən prosesləri, onun funksionallığını, neyronlarını, başqa xüsusiyyətlərini analiz etmək lazım gəlir. Beyindəki həmin qüsurlar müəyyən edildikdən sonra, həmin funksiyasını həyata keçirən bir çip düzəldəcək və oraya yerləşdirəcəklər. Həmin cip vasitəsi ilə insan danışmağa başlayacaq.

Beləliklə, alimlər həkimlərlə, bioloqlarla, molekulyar bioloqlarla, gen mühəndisləri ilə o istiqamətdə bir yerdə çalışırlar ki, beynin hansı hissəsində funksionallığın iitməsini aşkar etsinlər.

Ümumiyyətlə, insan səhhəti tibbin qarşısında o qədər məsələlər qoyur ki, bunun çoxu “rəqəmsal beyin”lə bağlı problemlərdir. “Rəqəmsal beyin” yaratmaq dedikdə - beyinin funksional hissələrini anlamaq, onun qüsurlarını tapmaq, əgər onları tibbi, bioloji yollarla aradan qaldırmaq mümkün deyilsə, həmin qüsurları elektronika, süni intellekt texnologiyarı ilə əvəzləmək vəzifəsi başa düşülməlidir.  

Kəmalə Mirzəyeva:  Vətəndaşları müasir reallıqlara hazıralamaq, yeni nəsil insan yetişdirmək müasir texnologiyaların tətbiqi ilə təhsilin məzmununu müasir tələblərə uyğunlaşdırılması istiqamətində AMEA-nın rolu və fəaliyyəti nədir?

Akademik Rasim Əliquliyev:  Həmin texnologiyalar artıq bizim həyatımıza daxil olur, amma insanların heç də hamısı onlarla lazımi qaydada davranmağa tam hazır deyil. Yəni texnologiyadan düzgün istifadə etmək, onun mahiyyətini tam dərk etmək, onun təhlükələrini tam anlamaq və ona qarşı akekvat tədbirlər görmək vacibdir. Bu sahədə problemlər tək Azərbaycanda deyil, bütün dünyada, hətta ən inkişaf etmiş ölkədə belə mövcuddur. Qısa zaman ərzində çox yüksək sürətlə yeni texnologiyalar meydana çıxır. Bunları mənimsəmək, istifadə etmək, yaratdığı təhlükələrə adekvat reaksiya vermək, onları zərərsizləşdirmək asan məsələ deyil. Bunun üçün yeni biliklər tələb edilir. Bu, artıq cəmiyyətin, insanların həyatında yeni reallıqlar yaradır, eyni zamanda, dövlətin, elmin, təhsilin qarşısına yeni vəzifələr ortaya qoyur. Artıq yeni dərsliklər, təlimatlar yazılmalıdır. Hər gün televiziya, radio, elektron media bu işə töfhə verməlidir ki, biz yeni yaranmış mühitin rəqəmsal vətəndaşları olaq. Bu mühitdə necə davranmalı, hansı vəzifələrin öhdəsindən gəlməli olduğumuzu öyrənək.

Keçmişdə bir dəfə ali təhsil almaqla ömürboyu mütəxəssis kimi çalışmaq mümkün idi.  Amma indi əldə edilən biliklər bir neçə il sonra köhnəlir, heç kimə lazım olmur və bu, artıq fasiləsiz təhsil zərurətini ortaya qoyur ki, insan gərək daim öz üzərində çalışsın, yeni texnologiyaların meydana çıxması ilə əlaqədar yeni biliklər əldə etsin. Həm alimlər, həm mütəxəssislər, həm də adi vətəndaşlar belə bir mühitdə tələb olunan zəruri bilikləri əldə etməlidirlər ki, elektron dövlətinı vətəndaşları ola bilsinlər. 

Kəmalə Mirzəyeva:  Ötən il texnologiya sahəsində ən son nailiyyətlərin təqdim olunduğu “TEKNOFEST Azərbaycan” festivalının ölkəmizdə keçirilməsi əlamətdar hadisə kimi yadda qaldı. Daha hansı tədbirlər, festivallar nəzərdə tutulur?

Akademik Rasim Əliquliyev:  Azərbaycanda 2024-cü ildə planlaşdırılan ən böyük tədbir COP29-dur. Bilirsiniz ki, ötən il Dubayda keçirilən COP28-dən sonra  bütün dünya ölkələri növbəti konfransın Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi.

Hazırda dövlətimizin müvafiq qurumlarının bütün resursları COP29-un hazırlıqlarına yönəlibdir. Bu tədbirlə əlaqədar ölkəmizə on minlərlə insanın gəlişi gözlənilir. Bu, həm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərindən böyük rəqəmdir. Yəni bu tədbirə dövlət başçıları, beynəlxalq təşkilatların, transmilli şirkətlərin rəhbərləri, görkəmli alimlər, mütəxəssislər gələcəklər.

Ölkəmiz üçün böyük bir imkandır ki, belə bir nüfuzlu tədbirə ev sahibliyi edir. Biz bu tədbirin yaratdığı imkanlardan yüksək səviyyədə istifadə etməliyik. Xarici şirkətlərin, investorların gələcəkdə Azərbaycanla işgüzar əməkdaşlıq etmələri üçün əlverişli imkan yaranacaq. Ölkəmizin beynəlxalq arenada daha yaxşı tanınması, nüfuzunun arması üçün də COP29-un əhəmiyyəti böyükdür.

Cənab Prezident tərəfindən ölkəmizdə qəbul edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bütün aidiyyatı dövlət qurumları tərəfindən tədbirlər planı hazırlanıb. Həmin planlara uyğun olaraq elmi konfranslar, maarifləndirici tədbirlər, forumlar keçiriləcək. Bizim institut da bu işdə yaxından iştirak edir. Alimlərimiz dövlətimizin təhlükəsizliyinin tərkib hisssəsi olan kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, radiasiya təhlükəsizliyi və s. istiqamətində süni intellekt texnologiyalarının tətbiq olunması, bu istiqamətdə mövcud olan risklər və təhlükələrlə mübarizə aparılması, onların azaldılması istiqaməti üzrə əzmlə çalışırlar. Bununla bağlı müxtəlif elmi tədbirlərin keçirilməsini nəzərdə tutmuşuq.

Kəmalə Mirzəyeva:  Bütün bu yeniliklərdən sonra biz bu yeniliklərə hazır olmaqla bərabər mütləq şəkildə dəyərlərə münasibətimizi dəyişməməliyik. Hər bir xalqın milli- mənəvi dəyərlərinin əsasında insansevərlik və humanizm duyğuları dayanmalıdır... Bu gün Azərbaycan cəmiyyəti mənəvi dəyərlərin qorunmasının nəbzini tuta bilirmi?

Akademik Rasim Əliquliyev:  Bəli, tamamilə haqlısınız. Cənab Prezident bu yaxınlarda andiçmə mərasimində böyük, tarixi çıxış etdi. Orada milli dəyərlərin qorunmasına, qlobal dünyada gedən proseslərə də toxundu. Bilirsiniz, bəzi geniş imkanlara malik olan dövlətlər var ki, nisbətən kiçik dövlətlərə ideoloji təsir göstərməyə çalışırlar. Əvvəllər informasiya- kommunikasiya texnologiyaları geniş imkanlara malik olmadığından ideoloji təsir imkanlarını bir qədər nəzarətdə saxlamaq olurdu. Amma indi İnternet hamının evinə daxil olub. Yəni ona nəzarət etmək də mümkün deyil. Ona görə də insanlar üçün artıq ideoloji xaosun içərisində yaxşı ilə pisi ayırmaq, milli dəyərlərin daşıyıcısına çevrilmək, onu inkişaf etdirmək məsələsi getdikcə çətinləşir. Yəni, bütün dünya ölkələri bundan əziyyət çəkir. Cənab Prezidentin çağırışı ondan ibarətdir ki, bizim dövlətimizin, cəmiyyətimizin, xalqımızın ən mühüm dəyəri milli dəyərlərdir. Milli dəyərlər bizim dövlətçiliyimizin, vətəndaş həmrəyliyinin qarantıdır və bu dəyərləri qoruyaraq gələcək nəslə ötürməliyik. Bu, çox ciddi bir vəzifədir. Bununla bağlı müvafiq dövlət qurumları ciddi məsğul olurlar. 

Kəmalə Mirzəyeva:  “İnternet bir faktor tanıyır, o da ağıl, şüurdur. Kim bacarırsa, internetin dilində danışsın, onunla təmasda olsun”… - deyirsiniz. Amma bir fakt var ki, informasiya texnologiyalarının mənfi təsirlərinə ən çox məruz qalanlar azyaşlılardır. Nə edək ki biz yaxşı övlad yetişdirək?

Akademik Rasim Əliquliyev:  Artıq biz İnternet dünyasında yaşayırıq. Bu mühitdə layiqli övlad yetişdirmək, onlara düzgün tərbiyə vermək, onları İnternetin təhlükələrdən qorumaq çox ciddi bir məsələdir. Bununla bağlı, təbii ki, müxtəlif kompleks tədbirlər keçirilməlidir. 

Birincisi, bunun hüquqi tərəfi var ki, bu artıq məsuliyyət yaradır. Kimlər İnternet vasitəsilə uşaqlara qarşı bədniyyətli fəaliyyət göstərirlərsə, hüquq qarşısında cavab verməlidirlər. Bu sahədə beynəlxalq hüquq və ona əsaslanan milli hüquq formalaşır. Eyni zamanda, kibercinayətkarlığın bir növü kimi zərərli kontentin yaradılması, yayılması, xüsusən də, uşaqların ona çıxışının qarşısının alınması üçün müəyyən işlər aparılır.

İkincisi, vətəndaşlara kibertəhlükəsizlik mədəniyyətini aşılamaq lazımdır. Hər bir vətəndaş yaşadığı texnoloji cəmiyyətdə gedən prosesləri anlamalı, bu sahədə ümumi biliklərə sahib olmalıdır. Məsələn, yol hərəkəti qaydalarını, elektriklə davranmağı öyrənmək kimi bu biliklər də zəruridir. Uşaqlara formal təhsil çərçivəsində kibertəhlükəsizlik mədəniyyəti aşılanmalıdır. Ziyanlı kontentin süzülməsi metodları mövcuddur. Yəni həmin metodlar vasitəsilə uşağın yaş həddinə uyğun olmayan məlumatlara çıxışının qarşısını almaq mümkündür.

Müxtəlif vasitələrlə uşaqların beyninə təsir etmək, onları zombiləşdirmək, manipulyasiya etməklə müəyyən işlərə yönəltmək, hansısa başqa bir məqsədlərə yönəltmək kimi cəhdlər də vardır. Uşağin özünün də kompütürə, İnternetə ifrat aludəçiliyi onun səhhətində problemlər yaradır, onun normal şəkildə yatıb dincəlməsinə, qidalanmasına, təhsilinə, ailə üzvləri ilə normal canlı ünsiyyət qurmasına mane olur. Bir növ, onun həyat ritmini pozur.

Bizim institutda da bu problemə həssaslıqla yanaşılır, instututda aparılan kibertəhlükəsizliklə bağlı ümumi tədqiqatlar çərçivəsində uşaqların İnternetdən qorunması işlərinə də müəyyən töhfələr veririlir. Yəni süni intellekt texnologiyaları əsasında uşaqların İnternetin zərərli təsirlərindən qorunması ilə bağlı bir sıra metodlar, modellər işlənib, əldə edilən elmi nəticələr nüfuzlu jurnallarda dərc olunub. Biz bu məsələ ilə bağlı müvafiq dövlət qurumları ilə əməkdaşlıq edirik, aldiğimiz nəticələri, rəyləri onların diqqətlərinə çatdırırıq.

1001info.az