Hepatosellular karsinomanın diaqnostikası, müalicəsi və proqnozlaşdırılması üçün intellektual sistemin yaradılması istiqamətində birgə tədqiqatlar aparılır

02 Aprel 2024 - 09:54 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin elmi seminarı keçirilib. İclasda şöbə əməkdaşları ilə yanaşı, Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü Nuru Bayramov və kafedranın əməkdaşı Mehriban Hüseynova da iştirak edib.

Birgə seminarda çıxış edən AMEA-nın müxbir üzvü, t.e.d., prof. N.Bayramov birgə əməkdaşlıq çərçivəsində yaradılmış “Hepatosellular karsinomanın (HSK) mərhələlərinin təyini” intellektual sisteminin istismar göstəricilərinin dəqiqliyinin artırılması məqsədilə onun təkmilləşdirilməsi ilə bağlı müəyyən dəyişikliklərin aparılmasının vacibliyini qeyd edib və bu istiqamətdə fəaliyyətin davam etdirilməsini tövsiyə edib.

Professor N.Bayramov HSK-da ilkin müalicə üsulunun seçilməsi üçün intellektual sistemin yaradılması üzrə tədqiqatın aparılması istiqamətində birgə əməkdaşlığın davam etdirlməsinə maraqlı olduqlarını bildirib, HSK-nın uyğun müalicə üsulunun seçilməsi üçün multidissiplinar ekspert yanaşması əsasında intellektual sistemin yaradılmasının əhəmiyyətindən danışıb, müvafiq zəruri həkim biliklərinin alınması istiqamətində müzakirələr aparılıb.

Şöbənin kiçik elmi işçisi Lalə Qarayeva “HSK-nın proqnozlaşdırılması üçün maşın təlimi alqoritmlərinin tətbiqi” mövzusu ilə bağlı çıxış edib. Bildirib ki, HSK-nın proqnozlaşdırılması üçün maşın təlimi alqoritmlərinin tətbiqi üçün Jupiter proqramlaşdırma mühitində scikit-learn, Pandas, NumPy və s. kitabxanalarının, Kaggle platformasının və milli real HSK datasetinin inteqrasiyasında HSK-nın oxşar olan simptomlar əsasında yeni bir dataseti yaradılmış, verilənlərin vahid formaya gətirilməsi üçün onların ilkin emalı həyata keçirilmişdir.

Kiçik elmi işçi Aytən Əhmədova “Xəstələrin dinamik dəyişən tibbi parametrlərinin vizuallaşdırılması əsasında rəqəmsal əkizinin qurulması” mövzusunda görülən işlərdən danışıb. Qeyd edib ki, hər bir xəstənin xəstəliyinin simptomlarının real dəyişmə dinamikasında və müalicənin gedişatında baş verən dəyişiklikləri daha aydın müşahidə etmək üçün real verilənlər Excel faylı üzərindən Power BI proqramına köçürülərək informasiya paneli (ing. dashboard) yaradılmış, xəstənin vizual rəqəmsal əkizi formalaşdırılmışdır. Xəstənin sağlamlığının real trayektoriyasından asılı olaraq, vizual rəqəmsal əkiz üzərində müşahidə olunan meyillər hər bir parametr üzrə proqnoz verməyə imkan verəcək, bu isə həkimlərə əsaslandırılmış qərarlarının qəbulunda dəstək ola bilər.

Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, baş elmi işçi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova və böyük elmi işçi Minarə Manaflı çıxışlara dair öz fikirlərini bölüşərək müvafiq istiqamətdə birgə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təklif və tövsiyələrini irəli sürüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.