AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova elektron tibb problemləri istiqamətində araşdırmalar aparır. O, öz tədqiqatlarında e-səhiyyənin meydana gəlməsi, e-tibbin tətbiqi istiqamətləri, bu sahədə terminoloji problemlər, səhiyyənin informasiyalaşdırılması səviyyəsinin qiymətləndirilməsi kriteriyaları, e-tibbin pasiyent, həkim və səhiyyə başçıları üçün yaratdığı imkanlar və s. kimi məsələlərə toxunub.
Tədqiqatçının sözlərinə görə, elektron tibb informasiya-kommunikasiya texnologiyaları (İKT) və tibb sahəsində xidmət göstərilmə prosesinin bütün iştirakçılarının marağı çərçivəsində informasiya mübadiləsi üzrə xidmətlərin təşkili və göstərilməsi üçün vasitələr kompleksidir. Elektron səhiyyə tibbi informatika, səhiyyə və biznesin kəsişməsində meydana gəlmiş, İnternet və əlaqəli texnologiyalar vasitəsilə tibb xidmətləri göstərən sahədir. Geniş mənada bu termin nəinki texniki inkişaf, həm də regional və dünya miqyasında İKT-dən istifadə etməklə səhiyyənin təkmilləşdirilməsi üçün zəruri olan yeni münasibət, yeni düşüncə tərzi, şəbəkə və qlobal təfəkkürə bağlılığın təcəssümüdür.
Onun məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti, səhiyyə sisteminin göstərdiyi xidmətin əlyetərliyi, əhalinin öz sağlamlığı haqqında məlumatlandırılması və müasir informasiya texnologiyalarının tətbiqi hesabına səhiyyə resurslarının istifadəsinin effektivliyinin artırılmasıdır. Elektron tibb sağlamlığın qorunması məqsədilə İKT-dən istifadəni nəzərdə tutur.
Səhiyyədə İKT-nin tətbiqinin qiymətləndirilməsi üçün Avropa İttifaqında iki əsas göstəricidən istifadə olunduğunu söyləyən M.Məmmədova bunun tibbi informasiya və xidmətləri əldə etmək üçün İnternetdən istifadə edən əhali faizi və İKT-dən istifadə edən (iş yerində kompüterdən istifadə; İnternetə çıxış və məlumatların axtarışı; həmkarlar, aptek və pasiyentlərlə İnternet vasitəsilə informasiya mübadiləsi; xəstələrin elektron tibbi kartlarından, elektron imzadan istifadə və s.) həkimlərin faizi ilə ölçüldüyünü söyləyib.
O, 2005-ci ildə Dünya Səhiyyə Təşkilatının (DST) elektron səhiyyə sahəsində qəbul etdiyi qətnamə və elektron səhiyyə Konsepsiyasının bu sahədə ilk addımlardan olduğunu dilə gətirib.
DST-nin dövlətlərə çağırışları haqqında məlumat verən araşdırma müəllifi bildirib ki, elektron səhiyyə xidmətlərinin reallaşdırılması üçün strateji planlar və hüquqi əsasların işlənilməsi, iştirakçıların mobilizasiyası və maraqlı tərəflərin fəaliyyətinin koordinasiyası, müqayisəli təhlil və ən yaxşı praktikanın aşkarlanması üçün milli mərkəzlərin yaradılması bu sahədə həlli vacib məsələlərdəndir.
Elektron tibbin yaradılması bir sıra əsas istiqamətlər üzrə əhəmiyyətli nəticələrin əldə olunmasını nəzərdə tutur: “Elektron tibb kartlarının tətbiqi, qeydiyyat işinin aparılmasının avtomatlaşdırılması, sənədləşmə, arxivləşdirmənin elektron formada aparılması, həkimin iş yerinin kompüterləşdirilməsi, pasiyentin və menecerin şəxsi kabineti, rəqəmsal resept, teletibbin inkişafı, səhiyyə sistemində vahid informasiya fəzasının yaradılması, o cümlədən əhalinin sağlamlıq vəziyyəti, epidemioloji sağlamlığının monitorinqi sistemlərinin inkişafı və s. elekton tibbin tətbiqi istiqamətlərindəndir”.
Pasiyentin elektron tibb kartı (ETK) və ya elektron sağlamlıq kartı onun doğum günündən başlayaraq doldurulur və bu proses onun bütün həyatı boyu davam edir. ETK e-tibbin baza elementidir.
1990-cı illərin ortalarına qədər “teletibb” termininin geniş tətbiq olunan termin olduğunu vurğulayan tədqiqatçı sonralar müəlliflər tərəfindən teletibb, elektron səhiyyə, telesəhiyyə anlayışlarının müəyyənləşdirildiyini bildirib. Araşdırma müəllifinin sözlərinə görə, bu terminlər haqqında müxtəlif baxışlar mövcuddur: bir qrup müəllif teletibb və elektron səhiyyənin eyni anlayışlar olduğunu, digərləri elektron səhiyyə, teletibb də daxil olmaqla, daha əhatəli termin olduğunu bildirir. Teletibb və elektron səhiyyənin müxtəlif anlayışlar olduğunu söyləyən tədqiqatçılar isə teletibbin telekardiologiya, teleradiologiya və s. əhatə etdiyini, elektron səhiyyənin isə İKT-nin səhiyyədə istifadəsi, tibbin kommunikasiya xidmətləri, xəstəxanalarda tibbi informasiya sistemləri, elektron təhsil, müalicə preparatlarının elektron təyin edilməsi və s. özündə ehtiva etdiyini diqqətə çatdırdı.
Amerika teletibb agentliyi hesab edir ki, teletibb və telesəhiyyə distant səhiyyə xidmətinin geniş spektrini əhatə edən sinonim-terminlərdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.