Yeni nəsil rəqəmsal iqtisadiyyatın formalaşması problemləri tədqiq olunub

11 Mart 2024 - 11:42 | Konfranslar, İclaslar

Yeni nəsil rəqəmsal iqtisadiyyatının mərkəzində rəqəmsallaşmanın və innovasiyanın geniş yayılması və tətbiqi dayanır. Maşın təlimi, təbii dil emalı və robototexnikanı əhatə edən süni intellekt yeni texnoloji dövrdə iqtisadi inkişafın əsasını təşkil edir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun müvafiq struktur bölməsində “Yeni nəsil rəqəmsal iqtisadiyyatın formalaşması problemləri” mövzusunda keçirilən elmi seminarda şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev məlumat verib.

Əlövsət Əliyev bildirib ki, iqtisadiyyatın rəqəmsallaşdırılmasında yeni nəsil rəqəmsal texnologiyalardan olan süni intellekt metodlarına əsaslanan milli texnoloji iqtisadiyyatın formalaşması problemləri və xüsusiyyətlərinin tədqiqi, yeni nəsil milli rəqəmsal iqtisadiyyatın və onun sektorlarının formalaşmasının konseptual aspektlərinin müəyyən olunması, müvafiq metodoloji aparatın və yanaşmaların formalaşdırılması yeni nəsil rəqəmsal iqtisadiyyatın əsas mahiyyətini təşkil edir.

Şöbə müdirinin sözlərinə görə, süni intellekt insanlara çox böyük həcmli iqtisadi məlumatları təhlil etməyə, bu məlumatların təhlilinin dəqiqliyini və hərtərəfli olmasını təmin etməyə, eləcə də  iqtisadi idarəetmə siyasətinin formalaşdırılması üçün dəqiq əsas formalaşdırmağa kömək edə bilər.

“Süni intellekt texnologiyası iqtisadiyyatın idarə edilməsinin effektivliyini artıra, regional və milli iqtisadiyyatın inkişafına kömək edə, iqtisadiyyatın sağlam və dayanıqlı inkişafını təmin edə bilər”, - deyə Ə.Əliyev qeyd edib. Məruzəçi əlavə edib ki, süni intellekt texnologiyası xüsusilə yüksək texnologiyalı sənayelərdə iqtisadi inkişafı təşviq edə bilər.

İqtisadi inkişafın səmərəliliyini təmin etmək üçün onun fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı müvafiq tədqiqatlar aparılmasının zəruriliyindən danışan Ə.Əliyev bildirib ki, yeni nəsil rəqəmsal iqtisadiyyat startapları, birgə innovasiya sistemlərini, korporativ innovasiya tədqiqat laboratoriyalarını, müəssisələri, akademik dairələri, dövlət qurumlarını birləşdirən açıq innovasiya ekosistemləri üzərində inkişaf edir.

Yeni nəsil rəqəmsal iqtisadiyyatın inkişaf perspektivlərindən söz açan məruzəçi qeyd edib ki, Azərbaycanın Yeni Nəsil İqtisadiyyat Strategiyası 2030-cu ilə qədər dövlət, özəl və vətəndaş cəmiyyətini əhatə etməklə iqtisadiyyata töhfə verəcək, 9 əsas layihə və bu layihələr çərçivəsində 69 fəaliyyət istiqaməti üzrə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcəkdir.

Şöbə müdiri bildirib ki, strategiyanın reallaşdırılması yeni dövrdə Azərbaycanda biznes transformasiyasının gücləndirilməsinə və potensialın artırılmasına, Dördüncü Sənaye İnqilabı texnologiyalarının geniş tətbiqini nəzərdə tutan model tipli müəssisənin və yeni nəsil texnoloji mərkəzlərin qurulmasına, rəqəmsal əkizlərin yaradılmasına, regional yeni nəsil süni intellektin geniş tətbiqinin həyata keçirilməsinə zəmin yaradacaqdır.

Məruzəçi yeni nəsil rəqəmsal iqtisadiyyatın milli və regional səviyyədə formalaşmasının konseptual istiqamətləri, Azərbaycanda hazırlanan Yeni Nəsil İqtisadiyyat Strategiyası və rəqəmsal iqtisadiyyatın inkişafı üçün zəruri hesab edilən istiqamətlərdən bəhs edib, yeni nəsil rəqəmsal iqtisadiyyat və rəqəmsallaşmanın iqtisadi artıma təsiri aspektləri haqqında ətraflı məlumat verib.

Ə.Əliyev çıxışının sonunda bildirib ki, yeni nəsil regional və milli rəqəmsal texnoloji iqtisadiyyatın formalaşması istiqamətləri dinamik potensiala malikdir. Süni intellektlə dəstəklənən yeni nəsil rəqəmsal iqtisadi sektorların meydana gəlməsi qlobal iqtisadiyyatda transformativ dəyişikliyin yarandığını göstərir. Bununla belə, süni intellektə əsaslanan gələcəyi düşünərək idarə etmək, mövcud problemləri həll etmək vacibdir.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.