Elmi-texniki tərəqqi sayəsində bu gün robototexnikanın “sahələrin sahəsi”nə çevrilməsi üçün bütün şansları vardır. Hazırda dünyanın qabaqcıl ölkələri milli robototexnikanın inkişafı proqramlarını hazırlamağa başlayıblar. Robotların sıçrayış edəcək növbəti texnologiyalar (next big thing) olacağına ilk olaraq amerikalılar diqqət yetiriblər. ABŞ-da robototexnika üzrə dövlətin inkişaf planı 2011-ci ildə hazırlanıb. Onun əsas xarakteristikası - sənaye və tibbdən tutmuş kosmik və hərbi robototexnikayadək bütün inkişaf sahələrinə inteqrasiya olunmuş yanaşmadır. Bu fikirlər “Skolkovo” İnnovasiya Mərkəzinin Robototexnika Mərkəzinin rəhbəri Albert Yefimovun “Год роботов” (“Robotlar ili”) adlı maraqlı məqaləsində əksini tapıb. Müəllif 2014-cü ilin dönüş ili olduğunu vurğulayaraq bildirib ki, dünyanın iqtisadi cəhətdən 5 nəhəng dövləti robototexnikaya dövlət dəstəyinə dair iri miqyaslı proqram haqqında bəyan edib. Belə ki, Fransa, Böyük Britaniya, Cənubi Koreya və Yaponiya avtonom nəqliyyat vasitələri və intellektual robototexnikanı elmi-texniki inkişafın prioritet istiqamətləri kimi nəzərdən keçirirlər. Robototexnikaya dəstək proqramı həmçinin Avropa Birliyində də qəbul olunub.
ABŞ-da 2011-ci ildə “National Robotics Initiative” proqramı çərçivəsində rəqəmsal istehsal, tibb və sağlamlıq sahələri ilə yanaşı hərbi və kosmik təyinatlı robotlar da əsas istiqamətlərdən olub. 2020-ci ilədək rəqəmsal texnologiyalara ayrılan 2,2 milyard dollardan təxminən 500 milyon dollar məbləğində vəsait robototexnikaya yatırılıb. Bugünkü gündə təxminən 100 milyon dollarlıq layihələr maliyyələşdirilir.
Avropa Birliyində bu il SPARC proqramı qəbul olunub ki, burada əsas hədəf sənaye və xidməti robotların inkişaf etdirilməsidir. 2,8 milyard yevrodan 700 milyonu dövlət qrantları, 2,1 milyard yevro isə özəl investisiyadır.
Fransada "France Robots Initiative” proqramı mülki robototexnikanın bütün sahələrini nəzərdə tutur. 100 milyon yevro dəyərində vəsaitin ayrıldığı layihə tədqiqat qrantları və subsidiyalar vasitəsilə dəstəklənir.
Böyük Britaniyada bu il qəbul edilmiş proqram “Robotics and Autonomous Systems” adlanır. Sənəddə intellektual robotlar və avtonom nəqliyyat sistemlərinin yaradılması nəzərdə tutulur. 100 milyon avroluq layihə tədqiqat qrantları və subsidiyaların hesabına dəstəklənir.
Cənubi Koreyada 2014-cü ildə qəbul edilən “Intelligent Robot Act” proqramının əsas məqsədi yerli istehsal robotlarına olan tələbatı təşviq etməkdir. Bu məqsədlər üçün təxminən 2,4 milyard dollar ayrılıb.
Yaponiyada “Robot Revolution” proqramının hədəfi yalnız ölkə daxilində robototexnika bazarının yaradılmasıdır ki, burada maliyyənin həcmi ilə bağlı dəqiq açıqlama verilmir.
Bu proqramların dəqiq təhlili göstərir ki, hər bir ölkə onun üçün mühüm olan sahəyə diqqət yetirir. Büdcəyə gəlincə isə, əgər inkişaf etmiş ölkələrdə digər elm sahələri və innovasiyalara qoyulan maliyyə ilə müqayisə etsək, məbləğ elə də əhəmiyyətli görünməyə bilər. Məsələn, ABŞ-da informasiya texnologiyaları sahəsində təkcə tədqiqatlara 2013-cü ildə 24 milyard dollar sərf olumuşdur. Lakin ötən dövrlərlə müqayisədə hazırda mülki robototexnikaya çəkilən xərclər, əsasən də Avropa və Asiyada, əsl “qızıl yağışı”dır.
Robotlar iki növə ayrılır – sənaye (onlar sexlərdə işləyir) və insanların qulluğunda duran xidməti robotlar. İndiyədək robotlardan əsasən sənayedə istifadə olunurdu. Dünyada sənaye robotlarının sayı 1,6 milyondur ki, bu da xidməti robotlardan 10 dəfə çoxdur. Lakin vəziyyət kəskin dəyişəcək. Belə ki, yaxın 10-15 il ərzində robototexnikanın dinamik inkişafı məhz xidməti sahənin payına düşəcək. Proqnozlara görə, yaxın 4 ildə dünyada məişətdə və şəxsi istifadə üçün 31 milyondan artıq robot satılacaq.
Dünyanın ən iri şirkətləri robototexniki startaplara getdikcə daha çox maraq göstərir. Məsələn, bu ilin əvvəlində “Google” intellektual robototexnika ilə məşğul olan düz 8 şirkət alıb. “Google”un belə bir addım atması ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Bəziləri şirkətin ev robotları yaratmağa başlayacağını güman edirlər.
Peşəkar-robototexniklərin əksəriyyəti belə hesab edir ki, insanların görmək istəmədiklərini yerinə yetirən insanabənzər qulluqçu-androidlər heç də tezliklə peyda olmayacaqlar. Çünki həll edilməli çox texnoloji problemlər var.
Robototexniklərə dəstəklə bağlı ən yaxşı nümunə kimi Böyük Britaniya hökumətinin elan etdiyi pilotsuz nəqliyyat vasitələrinin 4 şəhərdə (London, Bristol, Kaventri və Milton Keynz) sınaq zonalarının yaradılması layihəsini göstərmək olar.
Hazırda dünyada sənayenin robotlaşdırılması üzrə lider ölkə Cənubi Koreyadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.