İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının bu elmi qurumun doktorant və dissertantlarının attestasiyasına həsr olunmuş iclaslarına başlanılıb. İclaslarda hər bir doktorant və dissertant elmi-tədqiqat işi çərçivəsində yerinə yetirdiyi işlər haqqında hesabat xarakterli məlumatları təqdim edir, hər bir mövzuya dair geniş fikir mübadiləsi aparılır, çoxsaylı suallar cavablandırılır, müvafiq dissertasiya işləri üzrə təyin edilmiş elmi rəhbərlər çıxış edərək, gənc tədqiqatçılara tövsiyələr verirlər.
Elmi şuranın növbəti iclasında AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, İnformasiya Texnologiyaları İnstitutunun artıq yeni şəraitdə, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyini, bu elmi müəssisənin qarşısına elm və təhsilin inteqrasiyasının dərinləşdirilməsi, əldə olunmuş qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, yüksəkixtisaslı kadrların hazırlanması və s. kimi mühüm vəzifələrin qoyulduğunu söyləyib.
Akademik institutda qlobal dünyanın çağırışlarına və dövlətin maraqlarına adekvat tədqiqatların aparılması, tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, gənclərlə məqsədyönlü işin aparılması və onların elmi fəaliyyətə cəlb edilməsinin zəruriliyini qeyd edib, eləcə də fəlsəfə və elmlər doktorlarının hazırlanması üzrə ardıcıl tədbirlərin görüldüyünü nəzərə çatdırıb.
Alim hər bir tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılmasının vacibliyini vurğulayıb. “Əsas məqsəd doktorant və dissertantların elmi fəaliyyətini koordinasiya etmək, onlara dəstək göstərmək və aparılan tədqiqatların keyfiyyətini artırmaqdır”, – deyə bildirən akademik hər bir şöbə rəhbərini bu vəzifələrin icrasında fəal iştirak etməyə çağırıb.
Baş direktor bildirib ki, institutda şöbədaxili və şöbələrarası intellektual müzakirələrin təşkili, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların keyfiyyətinin artırılması son dərəcə vacibdir. Alim və mütəxəssislər bu prosesə töhfə verməli, biliklərini bölüşdürməli, institutun elmi potensialının gücləndirilməsi istiqamətində səylərini birləşdirməlidir.
Hər bir tədqiqatçıya elmi fəaliyyətlərini stimullaşdırmağı və dünya elminin çağırışlarına cavab verən, rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə edən akademik Rasim Əliquliyev beynəlxalq və respublika səviyyəli qrant layihələrində yaxından iştirakın əhəmiyyətindən də danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.