Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri tədqiq olunur

04 Mart 2024 - 14:41 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında şöbə müdiri Şakir Mehdiyev rəhbərlik etdiyi struktur bölmənin cari il üzrə fəaliyyət istiqamətləri barədə məlumat verib.

Əvvəlcə şöbənin elmi-nəzəri fəaliyyəti haqqında danışan Ş.Mehdiyev cari ildə İndustry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatların davam etdiriləcəyini qeyd edib. Onun sözlərinə görə, bu problem çərçivəsində “Kiber-fiziki sistemlərin dayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə kiber-fiziki sistemlərin simsiz sensor şəbəkələrinin enerji effektivliyinin qiymətləndirilməsi, bu sistemlərin enerji effektivliyinin artırılması üsullarının tədqiqi, sensor qurğularında alternativ enerji mənbələrinin tətbiqi məsələləri və digər istiqamətlərdə tədqiqatlar aparılacaq.

Şöbə rəhbəri həmçinin “Mobil sensor şəbəkələrində etibarlılığının təmin edilməsinin metodları” mövzusu üzrə aparılması nəzərdə tutulan tədqiqatlardan bəhs edərək, mobil sensor şəbəkələrində fərdi məlumatların təhlükəsizliyinin təmin olunması poroblemləri, eləcə də ətraf mühitin mühafizəsində simsiz sensor şəbəkə texnologiyalarının tətbiqi məsələlərinin tədqiq olunacağını vurğulayıb.

O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən qrant layihəsi çərçivəsində Əşyaların süni intellekti əsasında neft-qaz infrastrukturlarında qabaqlayıcı texniki xidmətin təşkili ilə bağlı metod və alqoritmlərin, eləcə də süni intellekt texnologiyalarının tətbiqi ilə kiberinfrastrukturlarda təhdidlərə və kibertəhlükələrə qarşı mexanizmlərin işlənilməsi ilə bağlı tədqiqatların aparılmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Sonra məruzəçi cari il ərzində şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği, beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak çərçivəsində görüləcək işlər haqqında məlumat verib.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev İndustry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə şöbədə aparılan tədqiqatların genişləndirilməsi, əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.