İnstitutda yeni qrant layihəsinə dair fəaliyyət planları müzakirə olunub

26 Fevral 2024 - 16:49 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda AR Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən “Süni intellekt texnologiyalarının tətbiqi ilə neft-qaz sənayesində onlayn platformada idarəetmə üçün metod və alqoritmlərin işlənməsi” qrant layihəsinə dair fəaliyyət planlarının müzakirəsinə həsr olunmuş seminar keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, elmi fəaliyyətin səmərəliliyinin artırılması, əməkdaşların əməyinin stimullaşdırılması, eləcə də əldə edilən nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından ölkə və beynəlxalq səviyyəli qrant layihələrində fəal iştirakın vacibliyini qeyd edib.

Sonra müvafiq qrant layihəsi üzrə görüləcək işlərin monitorinqinin aparılması, yeni vəzifələrin müəyyənləşdirilməsi məqsədilə hər bir layihə icraçısı qarşısına qoyulan məsələ, çap olunacaq məqalə və tezislər barədə ətraflı məlumat verib.

Çıxışlara dair fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Akademik Rasim Əliquliyev qeyd olunan qrant layihəsi çərçivəsində onlayn kritik korporativ sistemlərin kibertəhlükəsizliyinin və kiberdayanıqlığının təmin edilməsi, kritik infrastrukturların enerji şəbəkələrində əlaqələrin kritikliyinin identifikasiyası üsulunun, eləcə də süni intellekt texnologiyaları əsasında neft-qaz sənayesində idarəetmənin səmərəliliyinin artırılması üçün modellərin işlənməsi və digər aktual problemlərlə bağlı tədqiqatların aparılmasının müvafiq sahədə elmin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, araşdırmaların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.