Elektron dövlət 4.0 platformasında inzibati idarəetmənin iyerarxik sisteminin səmərəliliyinin artırılması ilə bağlı tədqiqatlar davam etdirilir

29 Fevral 2024 - 10:22 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda elektron dövlət 4.0 platformasında inzibati idarəetmənin iyerarxik sisteminin səmərəliliyinin artırılması üçün intellektual metod və alqoritmlər işlənilir. Bu məqsədlə OLAP texnologiyalarının intellektuallaşdırılması problemlərinin tədqiqi, neyron şəbəkələrin istifadəsilə OLAP-texnologiyanın intellektual imkanlarının genişləndirilməsi, elektron dövlət platformasında paylanmış smart OLAP sisteminin arxitektur-texnoloji modelinin işlənməsi nəzərdə tutulur.

Bu barədə institutun Elmi şurasının iclasında rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin 2024-cü il üzrə fəaliyyət planının müzakirəsi zamanı məlumat verilib.  

Şöbənin fəaliyyət planını təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova cari il ərzində aparılması planlaşdırılan elmi-tədqiqat işlərini diqqətə çatdırıb.

G.Nəbibəyova şöbədə Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə intellektual terminoloji informasiya sistemlərinin sintezi problemlərinin tədqiq istiqamətində “Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin sistemləşdirilməsinin və müzakirəsinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Sonra məruzəçi intellektual transliterasiya interfeyslərinin işlənilməsi ilə bağlı dissertasiya işi çərçivəsində aparılacaq tədqiqatları diqqətə çatdırıb. O, şöbədə informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri çərçivəsində “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi” mövzusunda tədqiqatların davam etdirildiyini, məqalə və tezislərin hazırlanmasının nəzərdə tutulduğunu bildirib.

Şöbə müdiri il ərzində 10 məqalənin “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə, 7 tezisin isə respublika və beynəlxalq səviyyəli konfranslara təqdim ediləcəyini söyləyib.

Daha sonra G.Nəbibəyova şöbənin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.

Şöbənin fəaliyyət planına dair fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı fikirlərini bölüşüb. İnstitutun baş direktoru elektron demoqrafiya sistemində əks olunan dil biliklərinin ilkin verilənlər mühiti yaratdığını qeyd edərək həmin verilənləri süni intellekt texnologiyalarının köməyi ilə emal etmək, bu məlumatlardan əlavə biliklər əldə etmək, ölkəmizdə monokultural və multikultural şəraitdə gedən linqvistik prosesləri anlamaq üçün müasir dövrün aktual sosial problemlərindən olan linqvistik demoqrafiya ilə bağlı tədqiqatların aparılmasının zəruriliyindən danışıb. Akademik Rasim Əliquliyev virtual mühitdə dilimizin ekologiyasının təmin olunması üçün Azərbaycan dilinin orfoqrafik tələblərinin reallaşdırılmasını həyata keçirən onlayn sistemin yaradılması ilə bağlı tədqiqatların aparılmasının vacibliyini qeyd edib. Alim şöbə əməkdaşlarına öz elmi fəaliyyətlərini daha da gücləndirməyi, aktual elmi problemlərə həsr olunmuş yeni məqalələr hazırlamağı tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.