İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev rəhbərlik etdiyi struktur bölmənin cari il üzrə fəaliyyəti barədə məlumat verib.
Öncə şöbənin elmi-nəzəri fəaliyyəti haqqında məlumat verən B.Ağayev bildirib ki, cari ildə rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə bir sıra mövzularda elmi-nəzəri və elmi-texniki tədqiqatların aparılması planlaşdırılır. Vurğulayıb ki, bu problem üzrə “Sənaye 4 platformasında İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemlərinin həlli” mövzusunda tədqiqatların aparılması, Azərbaycanda “Elektron Tullantıların Vahid İdarəçiliyi Konsepsiyası”nın işlənməsi, ətraf mühitin akustik küy çirklənməsi ilə bağlı mövcud qanunvericilikdə dəyişiklikərə olan təlabatın müəyyənləşdirilməsi və islahat üçün təkliflərin işlənməsi, İnformasiya Cəmiyyəti və Rəqəmsal İqtisadiyyat quruculuğu şəraitində elektron tullantıları probleminə kompleks yanaşmanın əsaslarının işlənməsi nəzərdə tutulub.
O, qeyd edib ki, şöbədə, həmçinin müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə araşdırmalar aparılacaq: “Bu istiqamətdə “Neft-qaz kompleksinin mövcud texnoloji problemlərinin İKT platformasında innovativ texnologiyalar əsasında həlli yolları”, “Neft-qaz quyularının qazılması prosesində ətraf mühitin fiziki amillərlə çirklənməsi səviyyəsinin azaldılması məqsədilə bəzi mütərəqqi üsulların tətbiqi imkanlarının araşdırılması”, “Neft-qaz quyularında anomal lay təzyiqini operativ proqnozlaşdırmaq üçün metod və texnologiyaların işlənməsi” mövzularında araşdırmaların aparılması da cari il üzrə fəaliyyət planına daxildir”.
Sonra B.Ağayev söyləyib ki, 2024-cü il ərzində respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda 6 məqalənin nəşri nəzərdə tutulub.
Daha sonra o, şöbə əməkdaşlarının elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.
Fəaliyyət planına dair ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik hesabatı üzrə bir sıra irad, təklif və tövsiyələrini səsləndirib. Alim əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verib, aktual problemlərə dair elmi məqalələrin hazırlanmasının zəruriliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.